12 aprel tarixində Marneuli bələdiyyəsinin Daştəpə kəndində
saxlanılmış iki gəncin vəkili Əli Bədirov bildirib ki, polislər
saxlanılanları təhqir ediblər.
12 aprel tarixində axşam saatlarında patrul polisi maşını üç gənci
təqib edib. Gənclərin maşını Daştəpə kəndində yoldan çıxaraq aşıb
və qəza baş verib. Bundan sonra polislər və maşında olan iki nəfər
arasında mübahisə baş verib. Mübahisə
zamanı kənd əhalisi maşında
olan üç nəfəri gizlədib, sonradan kənddə xüsusi əməliyyat aparılıb
və onların hər üçü saxlanılıb.
Saxlanılanlardan ikisinin vəkili Əli Bədirov “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, polislər onun müdafiəsi altında olan
şəxslərə qarşı bütün mərhələlərdə zorakılıq törədiblər.
“Əlbəttə, polislər tərəfindən zor tətbiq etmə baş verib. Mənim
müdafiəm altında olanlar və kənd sakinlərindən də öyrəndim ki,
mübahisə zamanı da patrul polisi əməkdaşları tərəfindən
yeniyetmələrə qarşı zorakılıq törədilib. Sonra saxlama prosesində
də xüsusi təyinatlı əməkdaşlar tərəfindən və polis binasında da
müəyyən zorakılıqlar olub. Ola bilsin saxlanılan üç nəfərə qarşı
edilib, amma üçüncü vəkillə razılaşaraq bu mövzuda danışmaqdan
çəkinir. Mən indiki mərhələdə, baxmayaraq ki, prosessual
razılaşmadan danışırıq, yenə də onların hüququnun pozulması faktını
qeyd etməkdən çəkinmirəm. Əgər gənclərə ədalətli şərtlərlə
prosessual razılaşma baş verərsə və şərti cəza ilə də olsa onları
çıxara bilsək, biz polis tərəfindən törədilmiş hər hansı zorakılığa
göz yumacağıq”, – Əli Bədirov bildirir.
Müttəhimlərdən ikisinin vəkilinin sözlərinə görə, əgər hər iki
tərəf – müttəhimlər və hüquq-mühafizə orqanlarının nümayəndələri
onların pozuntularını tanıyarlarsa, proses razılaşma ilə başa
çatacaq.
“Polis əməkdaşlarına hücum faktını saxlanılan heç bir şəxs etiraf
etmir, amma maşın faktını etiraf edirlər və peşmandırlar. Onlar
tərəfindən əməkdaşlara hücum edilməyib. Sürücü həqiqətən də içkili
olub, amma məhz buna görə deyirik ki, patrul əməkdaşları ədalətsiz
davranıbar. Çünki patrul əməkdaşları görürdülər ki, bu oğlanlar
mağazada içirlər və gənclər maşına minənə qədər heç nə deməyiblər.
Gənclərin taleyi ilə belə risk ediblər, çünki əvvəlcədən bilirdilər
ki, içkilidirlər və məhz buna görə təqib ediblər. Sürücü həqiqətən
içkili olub və patrul da məhz buna görə təqib edib, bu səbəbdən
maşın kanala düşüb. Patrul onların sağlamlığı ilə maraqlanmalı
olduğu halda, bunun əvəzinə münaqişəni daha da ciddiləşdiriblər. Bu
mübahisə yalnız patrul və uşaqlar arasında deyil. Patrul və bütün
Daştəpə arasında olan mübahisədir və sadəcə məsələ uşaqların
üzərində baş verib. Düşünürəm ki, patrulun maşını təqib etmək və
kanala atmaq kimi hüququ olsa belə, qeyri-insani rəftar etməli
deyildi”, – Əli Bədirov bildirdi.
Daştəpədə saxlanılan üç gəncin növbəti məhkəmə iclası 7 iyuna təyin
edilib. Vəkil ümid edir ki, ona qədər prosessual razılaşmanı tərtib
edə biləcəklər və gənclər həbsxanada qalmayacaqlar.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Marneuli Rayon İdarəsinin əməkdaşları isti izlərlə aparılan
əməliyyat-istintaq tədbirləri nəticəsində üç nəfəri – 2003-cü il
təvəllüdlü A.B., 2003-cü il təvəllüdlü Q.O. və 2002-ci il
təvəllüdlü E.K.-nı polislərə hücum ittihamı ilə saxlayıb.
“İstintaq nəticəsində aydın olub ki, ayıq vəziyyətdə olmayan A.B.
cari ilin 12 aprel tarixində, Marneuli-Sadaxlı yolunda avtomobillə
hərəkət zamanı qəza vəziyyəti yaradıb. Nəticədə patrul polisinin
nümayəndələri onu avtomobili saxlamağa çağırıblar. Sürücü
polislərin çağırışına tabe olmayıb. Marneuli bələdiyyəsinin
kəndlərindən birinə doğru yoluna davam edib. Ancaq hərəkət
təhlükəsizliyini təmin edə bilməyib, maşın sürüşüb və aşıb. A.B və
avtomobildə onunla birlikdə olan şəxslər, Q.O. və E.K. polisləri
təhqir ediblər, DİN-nin balansında olan avtomobilə ziyan
vurublar.
Hadisə baş verən zaman yerli sakinlərin bir qismi hadisə yerinə
toplaşıb. Onlar polislərə hadisədə iştirak edən şəxsləri saxlamağa
mane olublar və onların hadisə yerindən qaçıb gizlənməsinə nail
olublar. Polis isti izlərlə aparılmış istintaq nəticəsində
cinayətdə ittiham olunan sürücü, onun hər iki yol yoldaşını qısa
zamanda saxlayıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin
353-cü prima maddəsi ilə istintaq aparılır”, –
DİN-nin bəyanatında qeyd olunub.
Həmin maddə 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.