Ayaqqabıların “şəfa verən həkimi” – Təbriz Əliyev
Təbriz Əliyev ailəsinə baxmaq üçün Marneuli bazarında kiçik otaq kirayələyəndə və ayaqqabı təmir etməyə başlayanda 21 yaşı var idi.

Yapışdırmaq, tikmək, boyamaq, ayaqqabı dabanlarını dəyişmək, altını yeniləmək. Dikdaban, idman və ya klassik ayaqqabı - 25 illik təcrübə zamanı çox hekayə toplayıb. Kiçik otaqda, zəif işıqla çox sayda ayaqqabı təmir edib. Hətta elə ayaqqabılar var
ki, 20 il əvvəl təmir üçün gətiriblər amma hələ də aparmayıblar.

"Hər bir peşə ilk başlayanda çətin olur. 25 ildir işləyirəm və indi əlbəttə, mənə çətin deyil".

Təbriz deyir ki, əvvəl ayaqqabı təmiri daha populyar idi. İndi müştərilərin sayı hiss olunacaq dərəcədə azalıb.

"İkinci əl ayaqqabıları ucuz gətirirlər və hamı onu alır, sonra atmağa heyifləri gəlmir. Ancaq qeyd edim ki, sadiq müştərilərim də var. Marneulidə pinəçilər də yoxdur. Biri var idi dünyasını dəyişdi, digəri təqaüdə çıxdı. Mən və qardaşım qaldıq".

Pinəçinin sözlərinə görə, əhali əsasən keyfiyyətli ayaqqabılara üstünlük verir. Keyfiyyətsiz "dermantin" almırlar.

"Mənim yanıma elə adamlar gəlir ki, bunu təmir etməyin yenisini almaqdan daha ucuz olduğunu, bu ayaqqabıdan uzun müddət istifadə edəcəyini bilir. Ayaqqabının qəribə xüsusiyyəti var. Əgər dərisi yaxşıdırsa altı tez xarab olur. Əgər altı möhkəmdirsə üst hissəsi xarab olur. Kim öz ayaqqabı stilini saxlamaq istəyir o, gəlir".

Marneuli bələdiyyəsində illərdir yolların çəkilməsi layihəsi həyata keçirilir. Ancaq hələ də çox kənddə daxili yollar təmirsizdir. Biz Təbrizdən kənddə və şəhərdə yaşayan sakinlərin ayaqqabısının bir-birindən nə dərəcədə fərqləndiyini soruşduq.

"Mənim yanıma kəndə qonaq gələn adamlar gəlir. Məsələn, Azərbaycandan gələnlər. Təmirə ayaqqabı gətirirlər və deyirlər ki, illərdir geyinirlər, kənddə keçirdikləri iki ay o saat ayaqqabıda özünü göstərir".

Ayaqqabı təmiri üçün kimlər tez-tez gəlir?
"İnanmayacaqsınız, amma ən çox varlı adamlar gəlirlər. Bahalı ayaqqabılara 150-200 lari verib alırlar və ata bilmirlər. Bir az xarab olanda təmirə gətirirlər".

Təbriz 90-cı illərdən bazarda işləyir. O zaman əhalinin təqaüdü, sosial yardım yox idi. Ayaqqabı təmirinə gəlmirdilər. İndi vəziyyət çox dəyişib. Kiçik gəliri olanlar da pinəçiyə təmir üçün ayaqqabı apara bilir.

"İndi yardım və təqaüd alınan dövrdə bazarda adam çoxdur, O saat başa düşülür ki, əhali pul alıb və uşaqlara lazım olan ləvazimatları, ərzaq almağa, həmçinin mənim yanıma gəlirlər".

"Pinəçinin işi mövsümidir" - Təbriz deyir. Sentyabrdan yeni ilə qədər 3-4 ayaqqabı ancaq təmir edir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google