Marneulidə su təchizatı problemi qadınlara daha çox maneə yaradır – araşdırma

"Safarinin" araşdırmasına görə, Marneulili qadınlar üçün əsas problemlərdən biri su təchizatıdır.

"Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan qadınların problem və ehtiyaclarının araşdırılması"-nın nəticələri 20 aprel tarixində yayımlanıb.

"Elə kəndlər var ki, içməli su da əlçatan deyil. Müsahibələrdən aydın olub ki, əhali içməli suyu öz vəsaiti ilə ailə büdcəsindən alırlar və dövlət tərəfindən təmin edilmiş su ödənişlərindən daha çox pul xərcləyirlər. Araşdırma nəticəsində məlum olub ki, Marneuli bələdiyyəsinin əksər kəndlərini – bəzisini az, bəzisini çox – içməli/suvarma suyu problemi narahat edir", – araşdırmada qeyd olunub.

Araşdırma iştirakçılarının sözlərinə görə, susuzluq qadınları daha pis vəziyyətdə qoyur. Çünki məhz onlar uzaq məsafədən su daşımalı və qənaət etməli olurlar. Bu onlara təsir göstərir, daha çox vaxt sərf edirlər və başqa məsələlər üçün resursları qalmır.

"Bizim kəndi ən çox susuzluq problemi narahat edir. Bu problem ən çox bizə, qadınlara təsir edir. Susuzluq bizə çətinlik yaradır. Həmişə qənaət etməli oluruq", – araşdırmada iştirak edən Algeti sakini, evdar xanım bildirir.

"Su çox mühüm ehtiyacdır. İllərdir bizim su problemimiz həll olunmayıb. Mümkün olan hamıya müraciət etmişik. Yenə də həll etməyiblər", – Algeti sakini, 64 yaşlı təqaüdçü müəllim bildirir.

"Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan qadınların problem və ehtiyaclarının araşdırılması"-nda yol və kanalizasiya infrastrukturu problemləri haqqında da söhbət açılıb. Araşdırmaya görə, kənd yollarına asfalt qatının çəkilməsi və küçə işıqlarının olmaması yenə də problem olaraq qalmaqdadır. Bu qadınların gecə hərəkət etməsinə xüsusi təhlükə yaradır.

"Həmçinin, kanalizasiyanın olmaması mühüm problem olaraq qeyd olundu. Araşdırma nəticəsində məlum olub ki, nə şəhərdə, nə də kəndlərdə kanalizasiya yoxdur. Hamının quyusu var, quyuya kanalizasiya suyu yığılır və neçə ildən bir kanalizasiya maşınına pul verib təmizlədirik. Ancaq burada maraqlı olan odur ki, araşdırmada iştirak edən heç bir qadın bunu problem olaraq qəbul etmir. Onlar kanalizasiya xəttinin olması halında yaşam tərzinin necə olacağını təsəvvür etməkdə belə çətinlik çəkirlər", – araşdırmada qeyd olunub.

Araşdırma 2023-cü ilin yanvar-fevral aylarında keçirilib. Araşdırma çərçivəsində 15 fokus-qrup keçirilib və 200-yə yaxın qadın sorğuda iştirak edib. Aydın olub ki, müsahiblər bir neçə ümumi problem qarşısındadırlar. Onlar arasında infrastruktur, təhsil, mədəniyyət, səhiyyə və sosial-iqtisadi problemlər də var.








 


Print ელ. ფოსტა
FaceBook Twitter Google