6 iyun tarixində, Marneulidə yağan güclü yağış nəticəsində yaşayış
evlərinin
həyətinə və zirzəmilərə su dolub. Yerli özünüidarənin dəymiş ziyan
barədə məlumatı var. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
"Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, evlərə su
dolması ilə bağlı bir neçə dəfə məlumat çatdırılıb və mütləq
reaksiya göstəriləcək. Onun sözlərinə görə, Marneuli meri Kənan
Ömərovun məsələ ilə
bağlı məlumatı var.
"Şəxsən mənə Tsereteli kəndindən məlumat gəldi ki, kanalda
su artıb və Meliyorasiyaya zəng vurduq, suyun səviyyəsini aşağı
saldılar. Elə indicə Marneuli meri ilə danışdım. O, qeyd etdi ki,
ciddi ziyan dəyməyib. Texnika çağrılıb, suyu çəkirlər. Mer özü
vəziyyətə nəzarət edir. Zəng gələn yerlərin hamısına kömək
göstəriləcək" - Amiran Qiorqadze bildirib.
Marneulidə güclü yağış təxminən saat 19:00-da başlayıb. Bir neçə
kəndə, həmçinin, Tsereteliyə və Marneuli şəhərinə dolu yağıb.
Marneulidən Fövqəladə Halların İdarəedilməsi və Təcili Yardım
Mərkəzinə neçə zəng gəlməsi ilə bağlı təfərrüatları araşdırırıq.
Məlumat əldə olunan kimi material yenilənəcək.