Müraciətdən asılı olan şura toplantısı – bir ildən sonra Marneulinin Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası keçirilib

Bu gün, 14 iyun tarixində Marneuli meriyasının Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası keçirilib.



İclasda ümumilikdə 5 məsələ müzakirəyə çıxarılıb. Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şura 5 məsələnin hamısı ilə bağlı müsbət qərar qəbul edib.

“İclasda gündəliklə 5 məsələnin müzakirəsi nəzərdə tutulmuşdu. Bu onların firavanlığına istiqamətlənmiş bəzi məsələlərin icrasıdır. Bu qlukometrlərin alınması və görmə qüsurlu şəxslər üçün təzyiq aparatının alınmasıdır. Eləcə də eşitmə qüsurlu şəxslərimiz var. Onların öz ofisi var və həmin ofisdə onların gündəlik toplantısı baş tutur. Biz bu baxımdan çalışırıq ki, onların bu ərazidə şəraitini yaxşılaşdıraq. Həmçinin, fiziki imkanları məhdud şəxslər üçün pulsuz gedişhaqqı kartlarının hazırlanması tələbi var. Yerli özünüidarə bu tələbin icra edilməsini təmin edir. Biz onların ekskursiyasını maliyyələşdirəcəyik. Bu özlərinin tələbidir və mühüm, maraqlı olan müəyyən məsələləri müzakirə etdik”, – Nino Dekanoidze bildirdi.

Marneuli meriyasının Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası 2022-ci ilin 27 iyun tarixindən sonra ilk dəfə bu gün keçirilib. Marneuli merinin müavini və Fiziki İmkanları Məhdud Şəxslər Şurasının sədri Temur Şubitidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şuranın iclasının keçirilməsi məsələlərin sayından asılıdır.

“İclasda 5 məsələ müzakirə olundu. Bütün məsələlərlə bağlı müsbət qərar qəbul olundu. Hamısı həll olunacaq. Sonrakı iclas məsələlərdən irəli gələrək təyin olunacaq. Məsələlər çox olmalıdır ki, şura toplansın. Məsələn, 3-4 və ya daha çox məsələ olmalıdır. Bir və iki məsələdən az olanda nadir hallarda toplaşırıq. Ancaq əgər bu məsələlər təcilidirsə, yenə də toplanırıq. Yəni şuranın toplanması müraciətlərə bağlıdır”, – Temur Şubitidze bildirdi.

Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası Marneuli miqyasında yaşayan görmə qüsurlu vətəndaşların səsli təzyiq və qlükometr aparatlarının alınması məsələsi ilə başladı. Nino Dekanoidze məsələnin müzakirəsi zamanı bildirdi ki, meriya artıq qlükometrlərin alınması ilə bağlı işləyib, təzyiq aparatlarının alınması ilə bağlı məsələ isə araşdırma prosesindədir, meriya imkan daxilində onları da alacaq.

Şurada müzakirə olunan ikinci məsələ Marneulinin Eşitmə Qüsurlu Şəxslər ofisinin təmiri ilə bağlı idi. Nino Dekanoidzenin sözlərinə görə, Marneuli meriyası ofisin təmiri üçün 1000 lari ayıracaq.

Üçüncü məsələ Şaban Məmmədovun atasının məktubu ilə bağlı idi. Nino Dekanoidzenin sözlərinə görə, Şaban Məmmədov ali təhsil müəssisəsinin tələbəsidir və o, fiziki imkanları məhdud şəxsdir, ailə onun hərəkət etməsi üçün çox çətinlik çəkir. Məmmədovun hərəkət etməsini təmin etmək məqsədi ilə Fiziki İmkanları Məhdud Şəxslər Şurası ona birdəfəlik 1000 lari verilməsini dəstəkləyib.

Dördüncü məsələ fiziki imkanları məhdud şəxslər üçün pulsuz gedişhaqqı ilə bağlı idi. Marneuli meriyası 2022-ci ilin 22 noyabr tarixində bələdiyyə miqyasında fiziki imkanları məhdud şəxslərə pulsuz gedişhaqqı kartları paylayıb. Bu gün, 14 iyun tarixində, Fiziki İmkanları Məhdud Şəxslər Şurası əlavə 18 ədəd gedişhaqqı kartının hazırlanmasını dəstəkləyib.

Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclasında beşinci məsələ fiziki imkanları məhdud şəxslərin ekskursiyasının maliyyələşdirilməsi müzakirə olunub. Fiziki İmkanları Məhdud Şəxslər Şurasının sədri Temur Şubitidze iclas iştirakçılarına bildirib ki, meriya marşrut əldə etdikdən sonra fiziki imkanları məhdud şəxslər üçün nəqliyyat ayıracaq.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google