Marneulinin mərkəzi parkının yaşıllaşdırılması üçün 622 198 lari xərclənəcək
Marneulinin mərkəzi parkının yaşıllaşdırılması üçün 622 198 lari xərclənəcək. İşləri tenderdə rəqabət olmadan qalib gəlmiş “Kareli” MMC şirkəti həyata keçirəcək.

Meriya “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində yerləşən parkın yaşıllaşdırılması işləri üçün may ayında 644 887 lari dəyərində tender elan edib. Qeyd olunan şirkət isə işləri 22 689 lari az vəsaitlə həyata keçirməyi üzərinə götürüb.

Tenderin şərtlərinə görə, parkın ərazisində bordürlər qurulacaq, dekorativ beton daşlarla cığır salınacaq, amfiteatr, parkın girişində olan lövhə bərpa olunacaq, fəvvarə qurulacaq, suvarma sistemi yaradılacaq, nişanlar, işıqlandırma və naqillər quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcək.

Yaşıllaşdırma işlərinə əsasən, park ərazisində zeytun, yasəmən və tikan ağacları əkiləcək. Eləcə də oleandra, spirea, ardıc kimi həmişəyaşıl kollar əkiləcək.

Parkın ərazisində yeni qazon örtüyü da salınacaq. Qeyd edək ki, park ərazisində qazon örtüyü birinci bərpa zamanı da salınmışdı. Amma günəşli havalara və susuzluğa görə qazon örtüyü quruyub.

Marneulinin “Yenə də böyüyəcəklər” mərkəzi parkının bərpası 2020-ci ildə başa çatıb. Bərpa layihəsini “İntertexnoloq” iki mərhələdə, 1 092 328 lariyə həyata keçirib.

Park rəsmi olaraq 2020-ci ilin 28 fevralında açılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google