Marneulidə 15 yaşlılardan ibarət boks üzrə Gürcüstan çempionatında
Marneuli bələdiyyəsinin Şulaveri kəndindən olan Nərmin Bayramova
birinci yerə çıxıb.
O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tbilisidən və
Qoridən olan iki gürcü rəqibi ilə döyüşüb.
“2009-cu ildə anadan olmuşam və 11 yaşımdan boksla məşğul olmağa
başlamışam. Uşaqlıqdan idmana həvəsim var. Təxminən 10-14 döyüşə
çıxmışam. Gürcüstan üzrə ötən il ikincilik əldə etmişdim, indi
birinciliyi qazandım. Rəqiblə döyüşə çıxan zaman qalib olacağıma
inanırdım. Qalib olmağı çox istəyirdim və elə də oldu. Mükafat
olaraq diplom, kubok və medal qazandım”, – Nərmin
Bayramova.
Gənc boksçu bildirir ki, boksa yazılmaq onun öz istəyi olub və
valideynləri ona dəstək olublar.
“Boksa yazılmağı özüm istədim və valideynlərim icazə
verdilər. Dəstəkləyənlər də oldu, qarşı çıxanlar da. Bəzi insanlar
boksun qız peşəsi olmadığını deyirdilər, amma mən onlara cavab
olaraq məqsədimin olduğunu və bunun arxasınca gedəcəyimi bildirdim.
Gələcəkdə də bu sahə üzrə davam etmək istəyirəm, məqsədlərim var.
Dünya çempionatında qalib gəlmək, həm də müəllim olmaq istəyirəm.
Şagirdlərə boks üzrə dərs keçməyi arzulayıram. İdman sağlamlıq üçün
çox yaxşıdır. Digər tərəfdən insanın dünyagörüşü artır.
Müəllimlərimə Röyal Qarabağlıya, Xəyal Qarabağlı və Roman Orucova –
təşəkkür edirəm”, – Nərmin Bayramova dedi.
Nərminin məşqçilərindən Röyal Qarabağlı bildirdi ki, idmanla 11
ildir məşğul olur və qalib gələn şagirdləri çox olub.
Qeyd edək ki, sözügedən çempionat 20-25 fevral tarixlərində
Marneulidə “Azərbaycan Evi” İdman Mərkəzində keçirilib.
Çempionatın təşkilatçıları Gürcüstan Milli Boks Federasiyası və
Marneuli İdman Məktəbidir. Çempionat Gürcüstan Mədəniyyət və İdman
Nazirliyi, Marneuli yerli özünüidarəsinin dəstəyi ilə
keçirilib.
İdman Məktəbinin məlumatına görə, bu il çempionatda 230 boksçu
iştirak edib.