31 mart tarixində GİPA-nın “Media Lab” layihəsi çərçivəsində
Marneuli bələdiyyəsində yerləşən Çay Evində foto müsabiqəsi
keçirildi.
GİPA “Media Lab” layihəsi artıq 6 ildir, həyata keçirilir.
Kvemo-Kartlidə və Samtsxe - Cavaxetidə yaşayan gənclər
jurnalistikanın prinsiplərini, video və foto çəkmək qaydalarını
öyrənirlər. Layihə çərçivəsində əsərlərin təqdimatı baş tutur və ən
yaxşı əsərlər mükafatlandırılır.
Layihədə iştirak edən gənclər münsiflərə
hazırladıqları mövzuları
təqdim etdilər. Daha sonra münsiflər müxtəlif kateqoriyalar üzrə
mövzuları seçdi və müəlliflər hədiyyələrlə təltif edildilər.
“Düşünürəm ki, fotoaparatdan istifadə, təqdimat etmək
bacarığı və montaj proqramlarında işləmək mənim üçün faydalı
olacaq. Gələcəkdə jurnalistika üzrə təhsil almaq istəyirəm və
inanıram ki, “GİPA Media Lab” layihəsi mənim üçün uğurlu
olacaq”, - qaliblərdən İsmayıl Cəlilov bildirdi.
2-ci yeri qazanmış İsə Səmədov “Marneuli” radiosuna bildirdi ki,
qalib olmaq onun üçün sevindirici hisdir.
“Burada bizə bir çox bilik və bacarıqlar öyrədirlər
və mən əminəm ki, bu biliklər gələcəkdə çox işimizə yarayacaq. Mən
gələcəkdə pedaqoq olmağı planlaşdırıram. Burada öyrəndiyim bilik və
bacarıqlar vasitəsi ilə əlavə bir sahə üzrə təhsil almağı
düşünürəm”, - İsə Səmədov dedi.
Daha bir qalib iştirakçı Qarik Qasparyan qalibiyyətin onun üçün
motivasiya mənbəyi olduğunu vurğuladı.
“İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Sosial
və Siyasi Elmlər fakültəsinin Beynəlxalq Əlaqələr proqramında
oxuyuram. Müxtəlif layihələrdə fəal şəkildə iştirak edirəm.
Uşaqlıqdan fotoaparatı və maraqlı bir şey çəkməyi sevirdim. GİPA
Media Lab layihəsində iştirak etmək mənim üçün çox önəmlidir. Qalib
olmaq çox yaxşı hisdir. Bir şeyi etmək üçün çox böyük vaxt və
enerji sərf edirik sonra qalib oluruq”, - Qarik Qasparyan dedi.
“Media Lab” layihəsi 2017-ci ildən etibarən etnik azərbaycanlı və
ermənilər yaşayan bölgələrdə, Kvemo-Kartli və Samtsxe-Cavaxetidə
həyata keçirilir. Layihənin meneceri Nino Maxviladze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, layihənin məqsədi etnik
azlıqların inteqrasiya səviyyəsinin artırılmadır.
“Biz bu layihəyə 2017-ci ildə, Gürcüstan İctimai İşlər
İnstitutu (GİPA) və Amerikanın Gürcüstandakı səfirliyinin maddi
dəstəyi ilə başladıq. Hər kəs Tbilisiyə, GİPA-ya gələ bilmir.
Regionlarda yaşayan gənclərin fiziki olaraq paytaxta gəlməyə və
təhsil haqqını ödəməyə imkanları yoxdur. Bölgələrdə çox istedadlı
gənclərin olduğuna inanırdıq”.
Maxviladzenin sözlərinə görə, bu təşəbbüsü GİPA-nın dekanı olan
Nino İvanişvili irəli sürüb. Qərar verib ki, GİPA-nın özü dil
baryeri mövcud olan bölgələrə getsin.
“Buradan irəli gələrək fikirləşdik ki, etnik azlıqlar yaşayan
bölgələrə gedək. Məqsəd etnik qrupların inteqrasiyasının
gücləndirilməsidir. Biz müşahidə edirdik ki, Kvemo-Kartlidə yaşayan
gənclər təhsillərini davam etdirmək üçün Azərbaycana və ya
Türkiyəyə, Samtsxe-Cavaxetidə yaşayan gənclər isə Rusiya və ya
Ermənistana gedirdilər. Daha sonra orada qalırdılar və geri vətənə
qayıtmırdılar”, - Nino Maxviladze qeyd etdi.
Maxviladze bildirir ki, gənclər buradan aldıqları
bilik-bacarıqlarını daha sonra yerli medialarda və digər sahələrdə
istifadə edirlər.
Aşağıda sizlərə qalib olan foto-hekayələri və müəlliflərini təqdim
edirik:
- Yer - Mədəniyyətlərin kəsişməsi - Dərya
Muradova, Əminə Muradova,
- Yer - Doğruyu danışan yalançı - İsə Səmədov,
İsmayıl Cəlilov,
- Yer - Yalnızlığın izi - Gülüzar Orucova, Pınar
Xudiyeva
- Xüsusi mükafat - Bir çamadan nağıl - Qarik
Qasparyan
- Xüsusi mükafat - Ölüm Sevinməsin Qoy - Elvin
Daşdəmirov, Eşqin Məmmədov,
- GİPA-nın xüsusi mükafatı - Ruslan Məmmədov, Çinarə
Nəbiyeva, Asim İsayev və Əminə Əhmədova.
- Ən yaxşı foto - Elif Ayvazova, Yağmur Əfəndiyeva,
Səma Bediyeva.
Qalib olan komandalar “GİPA Media Lab” tərəfindən mobil telefon,
planşet və “powerbank” ilə təltif olundular.
Qeyd edək ki, “Media Lab” layihəsi artıq 6 ildir ki, Gürcüstan
İctimai İşlər İnstitutunun və Amerikanın Gürcüstandakı Səfirliyinin
maddi dəstəyi ilə həyata keçirilir. Bu layihədə 2017-ci ildən bu
günə kimi 500-dən artıq gənc iştirak edib.
Xatırladaq ki, “Yeni Düşüncə İnstitutu” Gürcüstan İctimai İşlər
İnstitutunun həyata keçirdiyi “GİPA Media Lab” layihəsinin yerli
tərəfdaşıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415