Olqa Endeladzenin vətəndaş sektorunda 18 illik iş təcrübəsi var.
Onun təşkilatı, “Marneuli Demokrat Qadınlar İttifaqı” Marneulidə
məktəbəqədər hazırlıq mərkəzləri yaradıb, qadın hüquqları sahəsində
işləyirlər, zorakılığa məruz qalmış qadınların təhsil alması və iş
tapmasına kömək edirlər, bələdiyyənin səhiyyə, sosial təminat,
fiziki imkanları məhdud şəxslər üçün xidmətlərinin inkişaf
etdirilməsi və Marneulilər üçün aktual olan digər mövzularda
işləyirlər.
“Gürcü Arzusu” tərəfindən “Rus qanununun” qəbul olunması halında
Olqa və onun təşkilatı “xarici qüvvələrin maraqlarının daşıyıcısı”
hesab olunacaq.
2011-ci ildə Marneulidə heç bir məktəbəqədər hazırlıq mərkəzi
mövcud deyildi. Olqa qeyd edir ki, 2011-ci ildə məktəbəqədər təhsil
məsələləri aktual deyildi – dövlət səviyyəsində uşaqların
məktəbəqədər təhsil almasının təmin edilməsi ilə bağlı qanun yox
idi. Yerli özünüidarədə bələdiyyədə bağçaların hansı vəziyyətdə
olması ilə bağlı heç kimin məlumatı yox idi.
“O zaman mən özüm ana idim, uşaqlarım var idi və
əlbəttə, bu mövzu birbaşa mənə aid idi. Başa düşdüm ki, bu yalnız
mənim problemim deyil, hamını narahat edir və ictimai problemdir.
Məktəbəqədər yaşda uşaqları olan bütün ailələr narahatdırlar. Biz
bu kampaniyaya başlayanda kifayət qədər ciddi proqram hazırladıq.
Proqram həm əlçatanlığın artırılmasını, həm də strateji baxışı
nəzərdə tuturdu – ona mütəxəssislər, məktəbəqədər təhsil
müəssisələri assosiasiyasının nümayəndələri və s. qoşulmuşdular.
Problem çoxşaxəli idi – infrastruktur komponenti, məktəbəqədər
təhsil müəssisələrinin əlçatanlığı, avadanlıq problemi var idi. Biz
çalışdıq və bu sahənin inkişafında bizə kömək edəcək donor
proqramlarını buraya gətirdik”.
Olqanın təşkilatı 2011-2015-ci illərdə Marneulidə uşaq bağçalarının
və məktəbə hazırlıq müəssisələrinin inkişafı üçün çalışıb. Təşkilat
dörd il ərzində Polşa, Estoniya və Yaponiya səfirliklərinin köməyi
ilə Marneulinin Kəpənəkçi kəndindəki uşaq bağçasını tamamilə təmir
edib və avadanlıqla təchiz edib, Polşa və Yaponiyadan 126 981 min
lari, yerli büdcədən isə 22 857 min lari ayrılıb, Ağməmmədli
kəndində məktəbəqədər hazırlıq mərkəzi yaradılıb, istifadəyə
verilib, Kosalı, Təzəkənd, Qaçağan, Araflı, Candar və Marneuli 6
saylı ictimai məktəblərində məktəbəqədər hazırlıq mərkəzi
açılıb.
“Bütün bunlar bələdiyyənin iştirakı və bələdiyyənin
birgə maliyyələşməsi ilə həyata keçirilib. Onlar bir çox hallarda
bizimlə əməkdaşlığa açıq idilər. Bu günə kimi, səhv etmirəmsə,
artıq Marneulidə 16-ya yaxın məktəbəqədər hazırlıq mərkəzi
fəaliyyət göstərir, yəni bələdiyyədə bu model tətbiq olunub və indi
də fəaliyyət göstərir”.
Olqa Endeladzenin sözlərinə görə, ümumilikdə bir uşaq bağçasının
tam bərpası və təchiz edilməsinə, 7 məktəbəqədər hazırlıq
mərkəzinin açılmasına 400 min laridən çox vəsait xərclənib –
layihələr Gürcüstanın tərəfdaş dövlətləri tərəfindən
maliyyələşdirilib.
Olqa hesab edir ki, “Gürcü Arzusu” tərəfindən “xarici təsirin
şəffaflığı haqqında” “Rus qanununun” qəbul olunması və təşkilatlara
“xarici qüvvə maraqlarını daşıyan” damğasının vurulması cəmiyyətin
təşkilatlara inamını azaltmaq və onları nüfuzdan salmaq məqsədi
daşıyır. O, Marneuli sakinləri üçün məktəbəqədər hazırlıq
mərkəzləri xidmətini yaradırsa, yerli qadınların hüquqlarının
müdafiəsi və problemlərinin həlli istiqamətində fəaliyyət
göstərirsə, meriyanın sosial, fiziki imkanları məhdud şəxslər,
səhiyyə xidmətlərinə nəzarət edirsə, Marneuli əhalisinin üzləşdiyi
problemləri avropalı tərəfdaşların dəstəyi ilə həll etməyə
çalışırsa, niyə “xarici qüvvə maraqlarının daşıyıcısı” hesab
olunacağını başa düşmür.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.