Rəisi Paşinyana: 'Qafqaz İranın mədəni keçmişinin bir hissəsidir...'
“Regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 1-də İran prezidenti İbrahim Rəisi Ermənistan baş naziri Nikol Paşinyanla Tehranda keçirilmiş danışıqlarının nəticələrinə həsr olunmuş brifinqdə deyib:

“Danışıqların gedişində biz bu nəticəyə gəldik ki, regionun məsələləri və problemləri müstəsna olaraq
region ölkələri nümayəndələrinin vasitəsilə həll edilməlidir. Regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir”.

Paşinyan isə öz növbəsində vacib hesab etdiyini bildirib ki, “iranlı partnyorlar Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ tənzimləməsi kontekstində baş verənlər barədə məlumatlı olmalıdırlar:

“Biz regional təhlükəsizlik və sabitliyin təmin olunmasında İranın tutduğu prinsipial mövqeyi vurğulayır və qiymətləndiririk. Mən cənab Rəisiyə dünən Soçidə keçirilmiş üçtərəfli danışıqların nəticəsi barədə məlumat verdim və gündəlik haqda, regionda sabitlik və sülhün bərqərar edilməsi üçün cari proseslər barədə təəssüratlarımı bölüşdüm”.

İran prezidenti isə regional stabilliyin İran üçün mühüm olduğunu vurğulayıb:

“Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir və biz bu regiona həssaslıqla yanaşırıq. Regionda təhlükəsizlik və sülhün bərqərar edilməsi İran İslam Respublikası üçün çox mühümdür”.

Politoloq: “Paşinyan Rəisiyə izah edib ki...”

İqtisadi əlaqələrə toxunan Rəisi deyib ki, son aylar ərzində İran və Ermənistan arasında ticarət dövriyyəsi 43 faiz artıb, lakin bunu 3 milyard dollara çatdırmaq lazımdır.

Xəbər verilir ki, Paşinyanın bu səfəri zamanı İran və Ermənistan arasında mövcud olan “qaz əvəzinə elektrik” sazişinin müddəti uzadılıb.

Paşinyan və Rəisi arasında son görüş sentaybrın 22-də Nyu-Yorkda olmuşdu.

Rəisi o vaxt bəyan etmişdi ki, regionda sərhədlərin dəyişdirilməsi yolverilməzdir və Ermənistanla İran arasında olan bağlar təhlükəyə məruz qalmamalıdır.

Azatutyunun yazdığına görə Ermənistan politoloqlarından Akop Badalyan deyib ki, Paşinyanın Tehrana səfəri ona Ermənistan-Qərb münasibətlərinin regionda geosiyasi dəyişiklik məqsədi güdmədiyini və Tehranın narahatlığına səbəb olmadığını izah etmək imkanı verib.

Badalyan istisna etmir ki, Paşinyanın Tehrana səfəri əsnasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə oluna bilərdi.



Print ელ. ფოსტა
FaceBook Twitter Google