Müxalifət fəalı İbragim Yanqulbayev “The Insider”ə deyib ki, etiraz
edənlərin oğulları,
ərləri və digər ailə üzvləri “könüllü” olaraq Ukraynaya
göndərilib
Rusiya ordusu Ukraynada böyük itkilərə məruz qalır. Çeçenistan da
bu baxımdan istisna deyil. Oktyabrın 24-də Xerson regionunun Kayirı
yaşayış məntəqəsində onlarla çeçen əsgərin qaldığı binaya
artilleriya zərbəsi endirilib, əsgərlər həlak olub.
Çeçenistan lideri Ramzan Kadırov həmin
gün paylaşdığı qəzəbli
“Telegram” postunda iddia edib ki, Ukraynadakı çeçenlər “öz
dinlərini və ailə dəyərlərini qoruyurdular”. O, müharibəyə
Çeçenistandan daha çox adam göndərilməsini istədiyini deyib.
"Bizim 1,6 milyon insanımız var. Onların azı 300 mini, yaxud 400
mini – mən müharibəyə göndərilə biləcək kişi əhalisinin dəqiq
sayını bilmirəm… Yaş rol oynamır. İstənilən halda, hamınız hərbi
komissarlıqda olmalı və hazırda döyüşən hissələrə qoşulmalısınız",
– o, divanda uzanmış halda çəkdiyi videoda deyib.
Rusiyanın rəsmi statistika qurumunun məlumatına görə, Çeçenistanın
əhalisi 2021-ci ildə 1,51 milyon olub. Onlardan 420 minini
təqaüdçülər, 551 minini isə uşaqlar təşkil edir.
Mindən artıq vakansiya
Çeçenistana rəhbərlik etdiyi 15 il ərzində ağır insan haqları
pozuntuları ilə məşhurlaşan Kadırov Rusiyanın Ukraynaya hücumunun
ən aqressiv dəstəkçi və təbliğatçılarından biridir. O, Rusiya
komandirlərini daim tənqid edir, onları müharibədə çox yumşaq
davranmaqda suçlayır.
Oktyabrın 25-də paylaşdığı videoda Kadırov bütün Ukraynanın “bizim
Rusiya ərazisi” olduğunu deyib, ukraynalıları əsir götürməyə,
“yandırmağa” çağırıb. Ancaq onun bu zaman bütün Ukrayna xalqını,
yoxsa yalnız döyüşçüləri nəzərdə tutduğu aydın deyil.
İndi Çeçenistan rəsmiləri kişiləri könüllü Ukraynaya getməyə məcbur
etmək üçün aqressiv utandırma kampaniyasına başlayıblar.
Parlamentin spikeri Maqomed Daudov hökumət nümayəndələri ilə
görüşündə “Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərini izah
etmək” üçün yeni tədbirlərin başlandığını elan edib, Çeçenistan
polisi və milli qvardiyası sıralarında 1000-dən artıq vakansiyanın
olduğunu deyib.
Bu görüşdən az sonra Çeçenistan sakinlərinə din xadimlərindən
mesajlar gəlməyə başlayıb. Mesajlarda sakinlərə yaxınlarını
Ukraynada xidmətə təşviq etmək tapşırılır.
Hökumətin yaydığı videolarda çeçen əsgərlər “faydasız çeçenləri”
“Rusiyanın maraqlarını qorumaq üçün” yetərincə səy göstərmədikləri
üçün tənqid edirlər.
"Aranızda o …dar şalvarlı, tum çırtlayan və böyük-böyük danışanlar
var. Allaha and içirəm ki, qardaşlarımın döyüşərək öldüyü zamanda
küçəyə çıxmağa utanardım. Tariximizi ləkələyirsiniz. Evə qayıtsaq,
sizə küçələrimizin heç birinə çıxmağa imkan verməyəcəyik”, – Rustam
Aquyev adlı bir polis rəisi oktyabrın 30-da Çeçenistanın Mətbuat və
İnformasiya Naziri Axmed Dudayevin “Telegram” kanalında paylaşılmış
videoda deyir.
Dudayev posta əlavə olaraq yazıb ki, “hətta cəsur qadınlarımız da”
döyüş zonasında fəal olmalıdırlar.
Kadırovun özü oktyabrın 27-də paylaşdığı videoda döyüşməyən
çeçenlərin “əski parçasından başqa heç nə olmadığını” deyib.
"Ey, çeçenlər! Gecələr evinizdə necə rahat yata bilirsiniz? Sizə
məəttəl qalmışam. Niyə …məscidlərdə, hərbi komissarlıqlarda və
birliklərdə toplaşmırsınız? Necə adamlarsınız? Ailələrinizə nə
deyəcəksiniz? Arvadının hesabına yaşayan kişilərdən olacaqsınız”, -
o deyib.
Çeçenistan liderinin ritorikası bir neçə ay ərzində çox dəyişib.
Kadırov apreldə çeçenlərin “böyük ölkəmizin bütün sakinlərinə
nümunə olduğunu” deyirdi. “Bütün ruslar bunu görüb
dəyərləndirirlər”, – o, “Telegram”da danışırdı.
Avqustda o, Çeçenistanın Qudermes şəhərindəki özəl hərbi təlim
mərkəzinin hər həftə Ukraynaya 200 təlim görmüş döyüşçü
göndərdiyini deyirdi. Həmin mərkəz Qroznı ilə Kadırovun dəbdəbəli
sarayının olduğu Tsenteroy şəhərinin arasında yerləşir.
Çeçenistanda fəallar bildirirlər ki, yaxın zamanlarda pasport üçün
müraciət edənlər və səfərbərliyə qarşı çıxanların ailə üzvləri də
hədəfə alınıb, onlara çağırış vərəqələri göndərilib.
Müxalifət fəalı İbragim Yanqulbayev “The Insider”ə deyib ki, etiraz
edənlərin oğulları, ərləri və digər ailə üzvləri “könüllü” olaraq
Ukraynaya göndərilib.
Rusiyalı insan haqları fəalı Svetlana Qannuşkina hökuməti utandırma
taktikası seçdiyinə görə qınayıb. O bu hərəkəti “primitiv” və
“qanunsuz” adlandırıb.
"Bu qədər ağır, qanunsuz hərəkətlərə rəğmən Çeçenistanda etirazlar
davam edir. Etiraz edənlər əsasən qadınlardır, çünki ən azı indiyə
qədər onlara qarşı davranış kişilərə nisbətən daha yumşaqdır”, – o
deyib.