“Danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsini
dayandıra bilməz. Ən yaxşı halda fasilə yarana bilər.
Rusiya Prezidenti Vladimir Putin bu və ya digər vasitələrlə
Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl
çəkməyəcək”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan
bildirilib.
Qeyd olunub ki, Krımın işğal olunmasından 8 il keçəndən sonra
Ukraynaya yenidən hücum V.Putinin ambisiyasını göstərir:
“Görünür, o, Kiyevi fəth edənədək sakitləşməyəcək.
Ukraynanın bu il işğala müqavimət göstərməsi göstərir ki,
ukraynalılar asanlıqla təslim olmayacaqlar. Putin hakimiyyəti
Kremli idarə etdiyi müddətcə münaqişə həll olunmayacaq. Danışıqlar
bu reallığı dəyişməyəcək".
İnstitut xatırladıb ki, 2014-2022-ci illər arasında “atəşkəs”
müddətində Rusiya qüvvələri daim Ukraynanın mövqelərini atəşə
tutub. Amerikalı analitiklər hesab edirlər ki, Rusiya qüvvələri
indi də Donetsk vilayətində yenidən hücuma keçməyə
meyllidirlər.
Bildirilib ki, Rusiya hələ də Avropanın ən böyük və Ukraynanın əsas
enerji mənbəyi olan Zaporojye Atom Elektrik Stansiyasına (AES)
nəzarət edir.
Müharibə Araşdırmaları İnstitutunun ekspertlərinin qənaətinə görə,
Kreml rəhbəri mümkün qədər çalışır ki, Ukrayna milli kimliyini məhv
etsin.
Onların fikrincə, V.Putin bu və ya digər vasitələrlə Ukraynaya
nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək:
“Nə Ukrayna, nə də Qərb Putinin ambisiyalarını
dəyişdirə bilər. Ona görə də Kremlin rəhbərini başa salmaq lazımdır
ki, o, istəklərinə nail olmaq iqtidarında deyil. Bunun üçün Qərb
Ukraynaya onun təhlükəsizliyi və iqtisadi rifahı üçün strateji
əhəmiyyət kəsb edən əraziləri azad etməsinə kömək etməli, sonra isə
Ukrayna ordusunu və iqtisadiyyatını Rusiyanın gələcək işğallarının
qarşısını alacaq səviyyəyə çatdırmalıdır. Hazırkı "qaynar müharibə"
"soyuq müharibə"yə çevrilərsə Qərb və Ukrayna uğur
qazanar”.