ABŞ-dakı Atlantic Council araşdırma mərkəzinin keçirdiyi sorğuda
ekspertlərin
az qala yarısı Rusiyanın yaxın on ildə müxtəlif müstəqil hissələrə
parçalanması və bir dövlət kimi məhv olması ehtimalının yüksək
olmasını bildirib.
Nəticələri Financial Times qəzeti tərəfindən dərc olunmuş sorğuda
beynəlxalq siyasət və iqtisadiyyat sahəsində tanınmış 167 ekspertin
46 faizi Rusiyanın yaxın onillikdə çökməsinin və dövlət kimi
fəaliyyətini dayandırmasının mümkün olduğunu deyib.
Rusiyanın bir dövlət kimi funksiyasını itirə biləcəyinə rəyi
soruşulan eksperlətin 21 faizi inandığını deyib.
Bu, Əfqanıstanın taleyi üçün eyni proqnozu verən ekspertlərdən iki
dəfə çoxdur.
İnqilab, vətəndaş müharibəsi və...
Sorğuda iştirak edən ekspertlərin 40 faizi düşünür ki, Rusiyada
siyasi böhran inqilab, vətəndaş müharibəsi və ya ölkənin
parçalanması nəticəsində baş verə bilər.
FT yazır ki, bu sorğuda avropalı ekspertlər amerikalı
həmkarlarından daha pessimist proqnoz veriblər.
Avropa ekspertlərinin 49, ABŞ ekspertlərinin isə 36 faizi Rusiyanın
çökə biləcəyini düşünür.
Respondentlərin 14 faizi Rusiyanın yaxın on ildə nüvə silahına əl
ata biləcəyini düşünür.
Ekspertlərin Rusiyanın bir dövlət kimi hüquqi və fiziki yox
olmasının mümkünlüyünü bildirən 10 faizi qeyd edir ki, adətən
avtoritar dövlətlərdə baş verən qarışıqlıqdan 10 il sonra dövlətin
demokratik inkişaf yolu başlanır.
Atlantic Council mərkəzinin proqnozlar üzrə direktor müavini Piter
Engelke deyib ki, Rusiya üçün proqnozların tərtibində onun
Ukraynaya qarşı müharibəsi və buna görə üzərinə qoyulmuş
sanksiyalar mühüm faktor kimi çıxış edir.
Onun fikrincə bütün bunlar ölkənin daxili problemlərini
alovlandıran bumeranqa çevrilir.
ABŞ-ın təsiri tədricən azalacaq
Rəyi soruşulan ekspertlər habelə yaxın on ildə İranın nüvə silahı
əldə edə biləcəyini, Çinin Tayvana hücumunun mümkünlüyünü, qlobal
iqlim dəyişikliyi sahəsində əməkdaşlığın arta biləcəyini
proqnozlaşdırırlar.
Ekspertlər bunu da bildiriblər ki, ABŞ yaxın 10 ildə hərbi və
texnoloji sahələrdə lider olaraq qalacaq, amma daha sonra onun
təsiri beynəlxalq meydandakı başqa oyunçulara görə tədricən
azalacaq.
Atlantic Council və ya Atlantika Şurası analitik mərkəzi NATO
tərəfindən 1961-ci ildə yaradılıb.
Şura ABŞ və Avropa liderlərinin forumu sayılır və qlobal siyasət və
iqtisadiyyat sahəsində tədqiqatlar aparır.
Rusiya 2019-cu ildə bu mərkəzi “arzuolunmaz təşkilatlar” siyahısına
daxil edib.