İran ölkənin özəl məktəblərində istifadə olunan xarici dil
dərsliklərinin redaktəsinə hazırlaşır.
Ölkənin dini hakimiyyəti bu kitabların İslam Respublikasının
dəyərlərinə uyğun gəlmədiyini bildirir. Bu barədə
Azadlıq
radosu məlumat yayıb
İrandakı qeyri-hökumət Məktəblər və Mərkəzlər təşkialtı elan edib
ki, tezliklə ali rəhbər ayətüllah Əli Xameneyinin göstərişi ilə
İran məktəblərində isitfadə olunan xarici dil dərsliklərinin
redaktəsinə və dəyişdirilməsinə başlanacaq.
Təşkilatın rəhbəri Əhməd Mahmudzadə ILNA agentliyinə deyib ki,
“bizim adət və mədəniyyətimizə uyğun gəlməyən dərsliklər təhsil
sistemindən çıxarılacaq”.
Son illərdə İran məktəblərində tədris olunan dərsliklər Xameneyinin
göstərişi ilə dəyişdirilib, lakin bu təftiş ilk dəfədir ki, özəl
məktəblərə şamil olunacaq.
Bəzi xəbərlərə görə Xameneyi iranlı uşaqlara xarici dillərin,
xüsusilə də ingilis dilinin tədrisinin ümumiyyətlə əleyhinədir.
2016-cı ildə verilmiş belə fətvalardan birinə görə İranın ibtidai
siniflərində ingilis dilinin tədrisi qadağan olunub.
Xameneyi ölkədə ən böyk söz sahibidir, lakin bir çox iranlılar onun
getdikcə insanların şəxsi həyatına daha çox müdaxilə edən
fətvalarından narazıdırlar.
Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock)
yanvarın 16-da İranın Berlindəki səfirini bir həftədə ikinci dəfə
nazirliyə dəvət edib.
Xanım Berbokun sözçüsü Kristofer Burger deyib ki, səfirə İranda
“insan haqlarının kütləvi pozulması və edamlar dalğası” ilə bağlı
etiraz bildirilib.
Yanvarın 16-da İranın Avropadakı diasporalarının 12 minədək
nümayəndəsi Strasburqda Avropa Parlamentinin binası qarşısında
izdihamlı mitinq keçirib.
İştirakçılar Aİ-dən və Britaniyadan Birləşmiş Ştatlardan nümunə
götürərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu
təşkilat elan edilməsini tələb ediblər.
İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını
pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat
etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni
bürüyüb.
Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də,
etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia
edirdilər.
Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən
böyük həyəcan sayılır.
Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını
atır, yandırır və saçlarını kəsirlər.
Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə
etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü
bildirib.
Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə
orqanlarının əməkdaşlarıdır.
Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan
100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı
xəbər verilir.
Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki,
İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.
İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq
edib.