Yaponiyanın baş naziri Fumio Kişida yanvarın 23-də ölkədə təbii
artımın azalmasının qarşısının alınması üçün təcili təbirlərin
görülməsinə çağırıb.
Reuters agentliyi yazır ki, Yaponiya son illərdə ailələrin daha çox
uşağa sahib olması üçün stimullaşdırıcı tədbirlər görür.
Bu məqsədlə ailələrə birdəfəlik pul mükafatları təklif olunub və
müavinətlərin məbləğləri artırılıb. Bununla belə Yaponiya uşağın
ərsəyə çatdırılmasının ən məsrəfli olduğu ölkələrdən biri olaraq
qalır.
Doğumların sayı ötən il rekord həddə azalıb və ilk dəfə olaraq 800
min nəfərdən aşağı düşüb.
Bu, hökumətin proqnozlarında olduğundan səkkiz il tez baş
verib.
Yaponiyada hazırda orta yaş 49-dur, bu isə kiçicik Monako dövləti
nəzərə alınmazsa bütün dünyada ən yüksək orta yaşdır.
Bu il parlamentin ilk sessiyasının açılışında söylədiyi nitqdə
Kişida deyib ki, ölkə cəmiyyətin sosial funksiyalarını saxlaya
bilməyəcək həddə çatıb:
"Doğum və uşaq böyütmək siyasəti üçün hazırda “indi və ya heç vaxt”
məqamıdır. Bu elə bir məsələdir ki, bundan sonra ləngidilə
bilməz”.
Baş nazir vəd edib ki, bu ilin büdcəsində uşaqlarla bağlı xərcləri
ikiqat artırmağı planlaşdırır.
O əlavə edib ki, sözü gedən siyasətin idarə edilməsi üçün aprel
ayından Uşaq və Ailə agentliyi yaradılacaq.
YuWa əhalinin öyrənilməsi mərkəzinin tədqiqatının nəticələrinə
əsasən Yaponiya uşaq saxlayıb böyütmək üçün Çin və Cənubi Koreyadan
sonra ən bahalı ölkədir.
Çin və Şimali Koreyada da təbii azalma prosesi gedir.
Dünyanın başqa ölkələri də əhalinin yaşlanması və azalması problemi
ilə üzləşirlər.
Çin məlumat verib ki, onun əhalisi 2022-ci ilin rəqəmlərinə görə
son 60 ildə ilk dəfə olaraq azalmağa başlayıb.