Krasnodar diyarındakı qəbirstanlıqlardan birində son iki
ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.
The New York Times qəzeti yazır ki, bu qəbirstanlıqda Rusiyadakı
Wagner özəl hərbi şirkətinin muzdlu əsgərlərini dəfn edirlər.
Qəzet qeyd edir ki, bu faktın dəqiqləşdirilməsi üçün 24 noyabr
2022-ci il tarixindən 24 yanvar 2023-cü ilədək dövrü əhatə edən
peyk görüntüləri təhlil edilib.
The New York Times yazır ki, ötən il dekabrın sonlarında Molkino
qəsəbəsi yaxınlığında Wagner şirkəti muzdlularının məzarlığının
olması barədə məlumatı yerli fəal və keçmiş hərbçi Vitali
Votanovski verib.
Onun sözlərinə görə həmin qəbirstanlıqda sahibi çıxmayan
vaqnerçilərin meyitlərini basdırırlar.
Votanovskinin Telegramda dərc etdiyi fotolardan ehtimal etmək olar
ki, burda dəfn edilənlərin bir çoxu Donbas vilayətindəki Soledar və
Baxmut şəhərləri uğrunda döyüşlərdə həlak olub.
Məzar xaçlarındakı yazılarda əks etdirilən 16 ad və doğum tarixləri
Rusiyada məhkun edilmiş şəxslərin məlumat bazasındakı ad və
tarixlərə uyğun gəlir.
Yanvarın əvvəllərində belə bir məzarlığın mövcudluğunu Wagner özəl
hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojin də təsdiq
etmişdi.
Priqojinin bu məzarlıq haqqında danışdığı videoklip RIA Novosti
xəbər agentliyinin saytında yerləşdirilib.
Priqojinin mətbuat xidməti xəbər verir ki, həmin qəbirstanlıqda,
orda dəfn olunmalarını vəsiyyət edənləri basdırırlar.
Bundan başqa qəbirstanlığın yaxınlığında kiçik bir məbəd və 2010-cu
illərdən bəri müxtəlif münaqişələrdə həlak olanların xatirə abidəsi
var.
Priqojinin sözlərinə görə həmin xatirə abidəsinin altında heç kim
dəfn olunmayıb və oradakı lövhədə muzdlu əsgərlərin şəxsi nömrələri
və aldıqları orden və medalların surətləri göstərilib.
Amma The New York Times yazır ki, yerli sakinlər bəzi həlak
olanların kremasiya edildiyini və küllərinin xatırə divarına
yerləşdirildiyini deyirlər.
RIA Novostinin ötən ilin dekabr ayına olan məlumatına görə
qəbirstanlıqda 90 məzar olub.
Votanovski və yerli medialar daha əvvəl bildirirdilər ki, xatirə
abidəsi və qəbirstanlıq Molkino kəndinin 10 kilometrliyində
yerləşən Bakinskaya adlı stanitsadadır.
Wagner özəl hərbi şirkəti – qeyri-rəsmi hərbiləşdirilmiş təşkilat
olaraq Rusiyanın Müdafiə Nazirliyinin və ya hər hansı rəsmi
qurumunun balansında deyil.
Bu şirkətin muzdlu əsgərləri Suriya, Afrika və Ukraynadakı
münaqişələrdə iştirak edirlər.
Onlardan bir çoxlarının çoxsaylı hərbi cinayətlər törətdiyi
bildirilir.
2022-ci ilin yazında media xəbərlərindən məlum olmuşdu ki, özəl
hərbi şirkət Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyanın
islah-əmək koloniyalarından məhkumları toplayır.
Bu məhkumlara sağ qalacaqları təqdirdə məhkumluqlarının ləğv
ediləcəyi vəd olunub.
Bu prosesin hüquqi baxımdan necə həyata keçirildiyi məlum
deyil.