Nəyə görə İlya Çavçavadze Yurd, Dil və Din triadasını, Yurd, Dil və Tarixlə əvəz edib
Dörd gün bundan əvvəl Gürcüstan tarixində misli görünməmiş bir hadisə baş verdi – Rustavelidən Qəhrəmanlar meydanındakı abidənin yanına and içmək üçün yola düşən çoxsaylı gənc Gürcüstanda yaşayan etnik və dini azlıqların varlığını tanıdı, nəinki tanıdı onları özlərinə bərabər qəbul etdi.

Gürcüstanın son 40 illik tarixinə bələd olan hər kəs bunun indiyədək belə olmadığını yaxşı bilir –
bəli, Gürcüstan siyasətçiləri, hakimiyyət, dövlət qulluqçuları, dost-tanışlarımızın əksəriyyəti inteqrasiyadan, vətəndaş və dini hüquqlarımızdan dəm vursa da, bu bizi ikincidərəcəlilik lənətindən qurtarmır. Həmin konsepsiyaya görə hüquqlarımız yalnız bir azlıq hüququ kimi qorunmalıdır, tamhüquqlu vətəndaş kimi deyil. Bu isə Gürcüstanın müasir həyatında birbaşa iştirak etmək, töhfə vermək imkanından bizi addımbaşı məhrum edir. Gəlin etiraf edək, qəraralma prosesində olmamağımızla və ya nominal şəkildə təmsil edilməyimizlə hüquqlarımızı həmişə başqalarından gözləməli olmuşuq. Dörd gün əvvəlsə Qəhrəmanlar meydanındakı həmin andın düsturu bu konsepsiyanın dağıdılmasına və yenisinin gəlişinə ümid verdi. Həmin konsepsiya nə idi və yenisi nədən ibarətdir?

Məsələ odur ki, Gürcüstanda, iyiriminci əsrin 80-ci illərinin sonunda geniş vüsət qazanmış “Milli hərəkat” İlya Çavçavadzenin 1861-ci ildə, 24 yaşında ikən yazdığı kəlmələrini özünə şüar qılmışdı. “Əcdadlarımızdan bizə üç xəzinə qalıb – Yurd, Dil və Din” deyə yazırdı İlya Çavçavadze. Ancaq 1878-ci ildə Acara (azərbaycanca Acarıstan deyilir və bu dəyişməlidir!) Rusiya imperiyası tərkibindəki gürcü torpaqlarına qayıtdıqdan sonra 40 yaşlı İlya ordakı müsəlman gürcüləri nəzərə alaraq, həmin konsepsiyanı dəyişərək “Osmalos Sakartvelo” (Osmanlı Gürcüstanı) başlıqlı yazısında deyir ki, əsas olan tarixi keçmiş, tarixi yaddaşdır, dinsə yalnız vicdan işi olduğundan ona heç kəs müdaxilə edə bilməz. Yəni müsəlman gürcü də gürcüdür, xristian gürcü də. İlya bununla özünün həmin məşhur triadasını belə dəyişmiş oldu – Yurd, Dil, Tarix.

Ancaq 1980-ci illərin sonundakı gürcü Milli hərəkatı İlyanın düzəliş etdiyi variantı deyil, lap birincisini götürdü. Həmin şüara əsasən Vətən- Gürcüstan, Dil- gürcü dili, Din isə Xristianlıqdır. Gördüyümüz kimi, burda nəinki Gürcüstanın müsəlman azərbaycanlı, çeçen vətəndaşına yer qalmır, hətta müsəlman olan etnik gürcüyə belə, habelə, “Din” kəlməsində yalnız Provoslav xristianlığı nəzərdə tutduqları üçün, katolik, baptist və xristian dininə mənsub olan başqa konfensiyalar belə kənarda qalır.

...Və iki gün əvvəlki and içmədə məhz bu sonuncusu “ Dil, Yurd və Birlik” ilə əvəz edildi. Niyə? Gənclər yaşlı nəsil kimi “Yurd, Dil, Din” deyə bilməzdi? Deyə bilərdi əlbəttə. Ancaq demədi və deməməyinin səbəbi də Gürcüstan vətəndaşlarının müxtəlif dini etiqadlı olmalarını görməkdən və buna hörmət bəsləmələrindən irəli gəlir. Bir başqa sözlə, onlar bizi gördülər və özlərindən fərqləndirmədilər.

İndi hakimiyyət Baş-nazirdən tutmuş ən xırda hökumət nümayəndəsinə, troll-botlarına kimi bu gəncləri qaralamaqla məşğuldur. Onları “ülvi” sandıqları və özlərinin tez-tez tapdaladıqları, İlya Çavçavadzenin belə imtina etdiyi həmin triadanı təhrif etməkdə günahlandırırlar. Bunun üçün hakimiyyət plakatlar belə çap etdirib küçələrə vurdurur. Bu isə demaqoqluqdan, münafiqlikdən savayı heç nə deyildir. Təəssüflər olsun ki, hökumət öz vətəndaşlarına qarşı mübarizə aparır və bu işdə dövlət uduzur. Bu bir insan tərəfindən öz əli ilə özünü şikəst etmək kimi bir şeydir.

Ancaq bununla bitmir. Ən çox kədərləndiricisi bizim icmamızdan təkəmseyrək, aşağı dərəcəli dövlət qulluqçularının həmin dezinformasiya təşviqatına cəlb olunmalarıdır. Onların arasında vaxtında Avropaya mədhiyyə oxuyanlar da var. Onlara inanmamaq lazımdır, çünki iş yerinə görə əqidəsini dəyişən adam cəmiyyət üçün təhlükəli fenomendir.

Beləki, həmin gənclər İlya Çavçavadzedən ilhamlanaraq onun konsepsiyasını müasirləşdirib, hazırkı tələbatlara uyğunlaşdırdılar. Hazırkı tələbat isə Gürcüstan vətəndaşları arasında həmrəyliyi, qarşılıqlı hörməti və ölkənin sərvətlərindən, imkanlarından bərabərcə faydalanmağı nəzərdə tutur. Buna mane olan çoxluca amillərdən biri də “Gürcü arzusu”-nun təkidlə dövlətə sırıdığı “Rus qanunudur”. Beləki, Rus qanununa yox!!!

Müəllif: Oktai Kazumovi
Print ელ. ფოსტა
თეგები: Gürcüstan RusQanununaYox
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123