Binnət Məmmədov 21 mart tarixində Novruz bayramını qeyd etmək üçün
ailəsinə gəlib. Binnət ixtisasca həkimdir və Tbilisinin
xəstəxanalarından birində çalışır, paralel olaraq isə təhsil alır.
Bir günlüyə Daştəpə kəndinə gəlib və geriyə qayıda bilməyib.
Marneulidə elan olunan karantinin nə zaman başa çatacağını gözləyir
və ona qədər öz ixtisası üzrə kənddə qonşulara yardım etməyə
çalışır.
“Daştəpədə yaşam tərzi tam dəyişib, yeni reallığa
düşmüşük. Küçələr boşalıb, bayıra yalnız vacib ehtiyaclar olan
halda çıxırıq. Biz də qaydalara tabe olmalıyıq. Daim karantində
olmayacağıq ki? İşdə də hamıya xəbərdarlıq
etmişəm.”
Binnət Məmmədov kimi onun dostu Nemət də gözlənilmədən karantinə
düşüb. O, da Novruz bayramını qeyd etmək üçün Binnətin evinə
gəlibmiş. Nemət də həkimdir. O, Bolnisi bələdiyyəsində yaşayır.
“Bilirsiniz ki, Bolnisi də bağlıdır, evimə gedə
bilmirəm. Dörd gündür ki, Daştəpədəyəm. Fövqəladə haldır, istəyirəm
ki, hamı bayıra çıxmaqdan çəkinsin. Gigiyena qaydalarına əməl
etsinlər, bu qaydalar hər şeydən vacibdir. Daştəpədə Binnətin
həmkəndlilərinə də tövsiyələr verirəm, izah edirəm ki, Covid-19
təhlükəli virusdur və tez-tez əllər yuyulmalıdır. Ailə üzvlərim
tez-tez zəng vururlar, istəyirlər ki, Bolnisiyə gedim, amma
vəziyyəti başa salıram və deyirəm hələ gələ
bilmərəm”.
Binnət və Nemət indi gözlənti rejimindədirlər və bağlanmış Marneuli
və Bolnisinin nə zaman açılacağını gözləyirlər.
Marneulidə 22 mart tarixində orta yaşlı qadında koronovirus
aşkarlanıb. O, Tbilisi Universitet Klinikasına yerləşdirilib.
Marneuli və Bolnisidə sərt karantin rejimi 23 mart tarixində tətbiq
edilib. Hökumət bu qərarı Marneulili qadının yeni koronavirusa
yoluxmasından sonra qəbul edib və onun yoluxma mənbəyi müəyyən
edilməyib.