“Gürcü Arzusu” Marneuli kəndlərində qadın
seçicilərlə görüşlərə başlayıb. Salome Zurabişvilinin nümayəndəsi
Leyla Əliyeva və “Gürcü Arzusu”nun Marneuli qərargahının
nümayəndəsi Nərgiz Əliyeva çay, konfet və şirniyyatların olduğu
“şirniyyat süfrəsi” arxasında Kürtlər kəndində yaşayan qadınlarla
görüşüblər.
Marneuli majoritar deputatı Ruslan Hacıyevin dediyinə görə,
süfrənin açılması və qonaqlar üçün çay Qafqaz adətidir və bunda pis
heç nə yoxdur.
“Bura Qafqazdır, Gürcüstandır, süfrədə mütləq çay
olmalıdır, bu adi şeydir. Əgər süfrədə qonaq əyləşibsə, mütləq çay
olmalıdır. Bura Gürcüstandır, hər hansı bir Avropa ölkəsi deyil, bu
bizim ənənəmizdir”, - Ruslan Hacıyev deyir.
Hacıyev görüşlərin belə formatda keçirilməsini qanun pozuntusu
hesab etmir. Lakin qadınların nə barədə söhbət etdikləri haqda
məlumatı olmadığını deyir.
“Gürcü Arzusu”nun Marneuli qərargahının nümayəndəsi Nərgiz
Əliyevanın dediyinə görə, görüşdə fəal qadınlarla yanaşı fəal
olmayan qadınlar da iştirak edirlər.
“Biz yalnız seçkiöncəsi görüş keçirmirik, həm də onların
problemləri ilə maraqlanırıq. Biz onların bölgələrində və ya
ümumiyyətlə Gürcüstanda nə edilə biləcəyi ilə bağlı təkliflərini
dinləyirik. Görüşdən sonra isə mən bütün bunları cəmləşdirirəm,
protokol tərtib edirəm və partiyaya təqdim edirəm”, -
Nərgiz Əliyeva bildirir.
Qadın seçicilərlə görüşlər dünən başlayıb və bütün həftə ərzində
davam edəcək.
Nərgiz Əliyevanın dediyinə görə, “şirniyyat süfrəsini” evlərinə
getdikləri qadın açır, bunun üçün partiya və ya Zurabişvilinin
qərargahı heç bir vəsait ödəmir.
Gender sahəsində araşdırmaçı Nona Samxaradzenin dediyinə görə,
qadınlarla belə görüşlərin keçirilməsi qadınların siyasətdə
iştirakına indikindən daha çox zərər vurur.
“Qadınların hansısa “şirniyyat süfrəsi” arxasında
əyləşdirilməsi və qadınların ictimai-siyasi həyatda rolundan söhbət
edilməsi çox cinsiyətçi və stereotip yanaşmadır. Şirniyyata qonaq
etmək qadın seçicilərə fərqli münasibət göstərilməsi stereotipini
daha da gücləndirir”, - Nona Samxaradze deyir.
Samxaradzenin dediyinə görə, seçkiöncəsi prosesi müşahidə edirdi və
heç bir siyasi partiya qadın seçicilərlə görüş keçirmirdi. İndi isə
ikinci tura bir neçə həftə qalmış “şirniyyat süfrəsinin” açılması
və qadınlarla görüş siyasi partiya tərəfindən yaxşı hal deyil.
Samxaradze deyir ki, siyasi partiyalar qadın seçicilərin 53%
olduğunu başa düşüb və onlarla işləməyə başlayıblar. Lakin
partiyalar qadınlarla da, kişilərlə də görüşü eyni formatda
keçirməlidirlər. Bu birdəfəlik hərəkət olmamalıdır və qadınlarla
görüş siyasi partiyaların siyasətinin bir hissəsi olmalıdır.