Bu gün, 13 sentyabr tarixində Bolnisi bələdiyyəsinin Dəllər
(Muşevani) kəndinin sakinləri “RMG” şirkəti tərəfindən kəndə yaxın
ərazidə elan edilmiş filiz axtarışı layihəsinə etiraz edirlər.
Sakinlər “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki,
şirkət faydalı qazıntıların axtarışı üçün il ərzində təxminən 55
partlayış həyata keçirəcək. (Həftədə iki dəfə).
Sakinlərin bir hissəsi partlayışların onlara və ekologiyaya
zərərli
olacağını düşünür. Digər hissəsi isə partlayışların həyata
keçiriləcəyi halda onların kəndində qaz, su və işıq çəkiləcəyini
deyir. Sakinlər onlara bu vədin “RMG” şirkəti tərəfindən
verildiyini deyirlər.
Dəllər (Muşevani) sakini Qabil Məmmədovun bildirdiyinə görə, onlara
şirkətdən bildirirlər ki, əgər partlayış zamanı sakinlərin evlərinə
ziyan dəyərsə, bu halda onlara müəyyən maddi yardım olunacaq. Ziyan
görmüş sakinlərin evləri təmir ediləcək.
“Bu şirkət toplantı etdi. Biz onlara sual verdik ki,
kənddə hər hansı iş görməyə vəd verirlərmi. Onlar bildirdilər ki,
biz dövlət şirkəti deyilik ki, bu işləri öz üzərimizə götürək. Tək
vədimiz ziyan gördüyü halda evləri təmir etmək olacaq. Onlar
haradan bilsinlər ki, evimiz hansı hissədən, necə zərər
görüb?!”
“Mən razı deyiləm, evimdə xəstəm var. Partlayış olduğu
zaman mən xəstəmi çölə necə çıxarmalıyam?! Niyə kəndin başqa
problemlərini həll etmirlər?! Mənim övladım var, ailəm var, xəstəm
var. Partlayış olmasın. Mənim evimin
yaxınındadır”.
“Kəndin su problemi, yol problemi var, onu həll
etsinlər. Susanlar elə bilirlər ki, onlara pul
paylayacaqlar”.
Kənd sakini Rasim Məmmədov deyir ki, boş vədlərlə “RMG” şirkəti
kənd sakinlərini iki hissəyə ayırıb.
“RMG” şirkəti bizim kəndə daxil olub, burada partlayış edib qızıl,
gümüş çıxarıb gəlir əldə etmək istəyir. Kəndin bir hissəsinə guya
söz veriblər ki, qaz, işıq, su çəkəcəyik. Bir hissəsinin isə bu
işdən xəbəri yoxdur. Sonra imza toplayıblar, veriblər ki, guya kənd
sakinləri bu işə razıdırlar. Onlar isə deyirlər ki, – nə qaz
çəkməyi, biz özümüz üçün su çəkirik. Lazım olarsa, sizə də su verə
bilərik. Kəndi iki yerə bölüblər, istəyənlər və istəməyənlər.
İstəyənlərin bir mənfəəti var. Bir hissəsi orada işçidir. Bir
hissəsi öz xeyri üçün nə isə umur. Geridə qalan çoxluq isə bu işin
baş tutmasına etiraz edir. İstəyirik təbiətimiz zəhərlənməsin.
Demirik ki, qaz, su gəlməsin. Onu dövlət qurumları etməlidirlər. Bu
şirkət ilə bir əlaqəsi yoxdur. Niyə xalqı aldadırlar?! Niyə
insanları bu hala salırlar?! Niyə kəndi iki hissəyə bölüblər?! Hər
şeyin qayda-qanunu var, bunu dövlət etməlidir, hansısa şirkət
yox”, – Rasim Məmmədov dedi.
Məlumat üçün bildirək ki, layihənin başladığı ilk günlərdən
etibarən əhaliyə təşviqat prosesində “Salam” platforması kömək
edirdi. Qazıntı qurğuları il ərzində 200 saat işləyəcək.
Partlayışdan yaranmış səsin müddəti hər dəfə bir neçə saniyə davam
edəcək. Əhali qorxur ki, bu vəziyyət onların kəndinin ekologiyasına
ciddi ziyan vuracaq.