Gürcüstanda dövlət bayraqları endirildi, matəm elan olundu
Gürcüstanın Batumi şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin imzaladığı qərara əsasən, Batumidə 7 mərtəbəli binanın çökməsi nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə oktyabrın 11-də matəm günü kimi qeyd ediləcək.

Matəm günü ilə əlaqədar Gürcüstan Prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında bayraqlar endirilib.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində 7 mərtəbəli binanın çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində aparılan təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfərin saxlanıldığı bildirilib.

Hadisə ilə əlaqədar Tbilisidə oktyabrın 24-nə təyin olunmuş “Tbilisoba” şəhər bayramı da ləğv olunub. Məhdud formatda keçirilməsi planlaşdırılan tədbir üçün ayrılmış vəsait Batumidə ölən və xəsarət alanların ailələrinə yardım fonduna köçürüləcək.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google