Yeparxiya və yerli sakinlər arasında başlamış torpaq mübahisəsi ilə bağlı hansı qərar veriləcək – yerli hakimiyyət bir həftəlik vaxt istəyib

Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndində bir neçə gündür ki, yerli sakinlər və Yeparxiya arasında kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı mübahisə gedir.

Əhali bu gün, 24 yanvar tarixində ruhani şəxslərin torpağı şumlamaq üçün texnika gətirməsindən sonra həmin yerə toplaşıb. İndiki mərhələdə işlər dayandırılıb. Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) bildirib ki, məsələ mütləq danışıqlar masasında müzakirə olunmalıdır.

“Dövlət çağırış mövqeyində dayanmalıdır. Belə çıxır ki, monastır rahibləri haradan keçməli olduqlarını əhalidən soruşmalıdır, yoxsa necə? Bunlar (sakinlər) hüquqlarından kənar funksiyalara sahiblənirlər. Bu gün sakit şəkildə dağıldıq, siz sakit evinizə gedin, biz evimizə gedəcəyik. Gözləyək, görək bu məsələ necə həll olunacaq. Sizin, yaxud mənim istədiyim kimi deyil, ədalətli şəkildə həll olunmalıdır.”

Marneuli meri səlahiyyətlərini icra edən Laşa Lobcanidze də hadisə yerinə gəlmişdi. O, toplaşanlardan bir həftəlik vaxt istədi və bildirdi ki, müvafiq qurumlar artıq məsələni araşdırır.

“Bildiyiniz kimi, burada yerli sakinlərlə yeparxiya arasında torpaqla bağlı məsələ həll olunmalıdır. Bu məsələyə bütün müvafiq dövlət strukturları, konkret olaraq meriya, eləcə də İqtisadiyyat Nazirliyi qoşulub. Bizim onlara cavabımız budur ki, əmlak sahibi tərəfindən qərar qəbul edilənə qədər bir həftə vaxt istəyirik. Ona qədər xahiş edirik tərəflər gedib həmin yerdə işlər aparmaqdan çəkinsinlər və qərarı gözləyək.”

Salam platformasının liderlərindən Kamran Məmmədli hesab edir ki, dövlət kəndlilərin tələblərini nəzərə almalıdır və məntiqli qərar qəbul etməlidir.

“Burada əsas məsələ odur ki, neçə gündür əhali və yeparxiya arasında bu gərginlik davam edir. Real vəziyyət belədir ki, əhali torpaq istəyir. Gürcüstanda torpaq islahatı olmadığına görə kəndlini qane edə bilməz. Biz görürük ki, etnik azlıqlarn məskunlaşdığı regionda, Kvemo Kartlidə konkret şəxslər, yaxud qruplar rəsmi, ya qeyri-rəsmi şəkildə bu torpaqları istifadə edir. “Salam” üçün torpaq islahatına qədər hakimiyyətin (meriya, İqtisadiyyat Nazirliyi) məntiqli addım atması və kənddə kəndlilərin torpağa ehtiyacı olması prinsipi ilə hərəkət etməsi mühümdür. Hələ ki, pandemiya dövrüdür və ölkədə iqtisadi böhran yaşanır.”

Yerli sakinlər və Yeparxiya indi dövlətin qərarını gözləyir. Məhz onların cavabından sonra İkinci Kosalıda torpaq sahəsinin kimin istifadəsinə veriləcəyi məlum olacaq.

 



Mövzu ilə bağlı digər xəbərlər:

Kosalı sakinlərinin sözlərinə görə, keşiş onların dövlət balansında olan torpaq sahəsini əkib becərməsinə mane olur

Salam platforması Gürcüstan Parlamentini torpaq qanunu islahatına başlamağa çağırıb

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები