Marneulidə "Lelo" partiyasının yeni ofisi açılıb
Bu gün, 18 yanvar tarixində Marneulidə "Lelo" partiyasının yeni ofisi açılıb. Ofisin açılışında partiyanın rəhbər şəxsləri və yerli dəstəkçiləri iştirak edirdilər.

“Lelo Gürcüstan Naminə” partiyasının Marneuli ofisinə Aqil Mustafayev rəhbərlik edəcək. Onun "Marneuli" radiosuna bildirdiyinə görə, müxalifətin gücləndirilməsi məqsədilə “Lelo”ya üzv olmağa qərar verib.

"Hamımız bilirik ki, son iki il ərzində yalnız Marneulidə deyil, bizim regionda
müxalifət çox zəifdir. Çünki əhali artıq mövcud müxalif partiyaları dəstəkləmirlər.

Biz qərar qəbul etdik ki, yeni güc və komanda ilə birlikdə Marneuli ofisi açaq. “Lelo”nun ofisi fəaliyyət göstərəcək və əhali ilə birlikdə olacaq. Mən əminəm ki, bu regionda çox yaxşı nəticə əldə edəcəyik, xalqla, Marneulilərlə, Kvemo Kartlidə yaşayan adamlarla birlikdə çox işlər görəcəyik", – Aqil Mustafayev bildirdi.

Qeyd edək ki, Aqil Mustafayev son iki il ərzində siyasətdə fəal iştirak etmirdi. Ona qədər isə VMH-ın Marneuli rayon təşkilatının rəhbəri idi.

"Bildiyiniz kimi, son iki il ərzində heç bir partiyaya üzv deyildim. Mən müxtəlif partiyaların fəaliyyətini, proqramlarını görürdüm. Uzun zaman düşündükdən sonra qərar qəbul etdim ki, “Lelo” mənim bu hakimiyyətə qarşı daha çox mübarizə aparacağım partiyadır. “Lelo” Avropa dəyərləri ilə yaradılıb və ona görə mənim üçün də Avropa tərəfində olmaq əsas idi. Biz yeni gücümüz, yeni və təmiz adamlarla daha çox iş görə bilərik",
– Aqil Mustafayev dedi.

Marneulidə "Lelo Gürcüstan Naminə" partiyasının ofisinin açılışında partiya sədri Mamuka Xazaradze də iştirak edirdi. O, jurnalistlərlə söhbəti zamanı Marneulinin Gürcüstanda gürcü bazarının inkişafı istiqamətindəki əhəmiyyətindən söhbət açdı.

"Marneuli əməksevər insanları ilə seçilir. Burada kifayət qədər çox kənd təsərrüfatı məhsulları yetişdirilir, ancaq təəssüf ki, bizim ölkə istehlakçı oldu və özünün istehsal etdiyindən daha çox idxal edilmiş məhsullardan istifadə edir. Ona görə ilk növbədə məqsəd eynidir ki, hakimiyyət dəyişsin. Bizim burada çox yaxşı, regionda öz məqsədini yaxşı yerinə yetirəcək komandamız var. Biz istəyirik ki, bu region beynəlxalq standartlara uyğun istehsalçı və ixraca istiqamətlənmiş region olsun", – Mamuka Xazaradze bildirdi.

“Lelo”nun sədrinin sözlərinə görə, Marneulidə yerli sakinlərin köməyi lazımdır ki, bələdiyyədə müəssisələr və emal sənayesi yaradılsın və region əhalisi köçməsin.

"Ən əsası bu adamlar inteqrasiya olunmalıdır, gürcü dili güclü tədris olunmalıdır ki, onlar ölkənin idarə edilməsində iştirak etsinlər. Burada körpü tikilir, heç kim bilmir, bu nepotizm, biganəliyin nəticəsidir. Region tərk edilib və ümumiyyətlə Gürcüstanda insan tərk edilib. Biz bunu düzəldəcəyik", – Mamuka Xazaradze bildirdi.

Mamuka Xazaradzenin sözlərinə görə, partiya Kvemo Kartli regionunda fəal işləyəcək və bütün bələdiyyələrə gedəcək. Əhali ilə şəxsən görüşəcək və Gürcüstan tarixində həlledici rol oynayacaq 2024-ci ilin Parlament seçkilərinə hazırlaşacaqlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google