Etnik azlıq nümayəndələri məhkəmədə hansı problemlərlə qarşılaşırlar
Bu gün, 22 yanvar tarixində Marneulili mülki fəallar, siyasi partiyalar və Xalq Müdafiəçisinin nümayəndələri ilə məhkəmə sistemindəki problemlərlə bağlı görüş keçirilib. Görüşdə Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri etnik azlıq nümayəndəsi olan vətəndaşların ədalət sistemindəki problemləri barədə danışıblar.

“Xalq Müdafiəçisi Aparatı üçün bu mühüm məsələlərdən biridir. Biz illərdir, milli azlıqların məsələləri üzərində işləyirik, həmçinin, Parlament hesabatı çərçivəsində də işləyirik və
bundan əlavə bu məsələ ilə bağlı USAİD-in dəstəyi ilə tədqiqat hazırlanır. Tədqiqat çərçivəsində ekspertlər də qoşulmuşdular və bu gün həmin araşdırmanın əsas nəticələrini səsləndirdim. Bundan əlavə bələdiyyələrə fəal ezamiyyətlər çərçivəsində milli azlıqlarla söhbət nəticəsində əldə olunanlar haqqında danışdım”,
— Xalq Müdafiəçisinin Analitika Departamentinin baş mütəxəssisi Mariam Orjonia bildirib.

Mariam Orjonianın sözlərinə görə, araşdırma ilə etnik azlıq nümayəndəsi olan vətəndaşların ədadlət sistemi ilə münasibətdə dil maneəsi və məlumat çatışmazlığına görə problemi yaranır.

“Bizim araşdırmadan və Xalq Müdafiəçisinin fəaliyyətindən də görünən ilk problem dil maneəsidir ki, ədalət sisteminə əlçatanlığı məhdudlaşdırır. Bu məhkəmə prosesləri aparılan zaman və ya ön mərhələlərdə ola bilər. Bu baxımdan, əldə etdiyimiz və dövlətin rolunu gördüyümüz əsas nəticələr ondan ibarətdir ki, ilk növbədə, təbliğat məqsədilə həyata keçirilən tədbirlərin sahəsi artırılmalı və bundan əlavə, düşünürük ki, ciddi, məzmunca çoxşaxəli məsələ olan dövlət dilinin tədrisinə məktəbəqədər təhsil müəssisələri səviyyəsində, eləcə də məktəb və ali təhsil səviyyəsində mümkün qədər diqqəti cəlb etmək lazımdır”, – Mariam Orjonia bildirib.

İclasda Marneulili siyasətçilər də iştirak ediblər, onlar əhali ilə məhkəmə sistemi arasında olan çətinliklərdən danışıblar. “Marneuli” radiosuna danışan “Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev bildirdi ki, yerli əhali bir çox hallarda məhkəmə mübahisələrinə başlamaqdan imtina edir, çünki onların müvafiq bilikləri yoxdur və həmçinin məhkəmənin bu barədə qərar verəcəyinə inanmırlar.

“Əsas problem etnik azlıqlarımızın dövlət dilini bilməməsi və sonra onların dövlət qurumları ilə münasibətləridir ki, bunlardan biri də məhkəmə sistemidir. Bizim əhali vəkilsiz məhkəməyə müraciət edə bilməyəcək və öz fikirlərini bildirə bilməyəcəklər. Ona görə də dövlət dəstəyinə, yerlərdə daha çox təlimlərə və dövlət tərəfindən əhalinin məlumatlandırılmasına ehtiyac var. 2012-ci ildən bu günə qədər məhkəmə-hüquq sistemində heç bir iş görülməyib, irəliləyiş yoxdur. Əhalimizin problemləri dövlət dilini bilənlərdən daha çoxdur. Bizim etnik azlıqların problemi var ki, onlar dövlət dilini bilmirlər və məhkəməyə müraciət etmək istəmirlər, məhkəmənin düzgün qərar verəcəyinə inanmırlar”, — Əhməd İmamquliyev bildirib.

Görüşdə Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat”dan seçilmiş üzvü Nərgiz Əliyeva da iştirak edirdi. O, digər siyasətçilər kimi etnik azlıq nümayədələrinin məhkəmə sistemi ilə münasibətlərdəki problemi haqqında danışıb.

“İlk növbədə onu demək istəyirəm ki, ölkənin məhkəmə sistemi, hüquq-müdafiə sistemi yaxşı vəziyyətdə deyil. Biz bunu bir çox hallarda görürük. Müəyyən ədalətsizliklər olur, ədalətsiz qərarlar verilir. Vətəndaşlardan da eşidirik ki, onların şikayətlərinə hətta hüquq-mühafizə orqanları tərəfindən də baxılmır, nəzərə alınmır. Bizə şikayətlər gəlir, məsələn, hansısa cinayət, qanun pozuntusu baş verib. Bəzən araşdırma və fakt olmadan iş bağlanır, günahkarlar cəzalandırılmır. Araşdırmalar aparılmır, layiqli cəzalarını almırlar. Milli azlıqların bu sahədəki problemlərinə gəlincə, məncə, bu, dil baryeri ilə bağlıdır. Dil maneəsi orta yaşlı əhalidə də mövcuddur. Konstitusiyaya görə, qanun alidir və hər kəs üçün əlçatan olmalıdır. Vətəndaşlar qanunvericilik aktları ilə bağlı məlumatı başa düşdüyü dildə almalıdırlar. Mən dəfələrlə qeyri-hökumət təşkilatında işlədiyim zaman təşəbbüslə çıxış etmişəm ki, qanunvericilik aktları Azərbaycan dilinə tərcümə edilsin. Cinayət Məcəlləsi, Mülki Məcəllə, o cümlədən Konstitusiya başqa dillərə də tərcümə edilməlidir ki, vətəndaşlar öz hüquqlarını bilsinlər. Qanun tez-tez dəyişir və hər 2-3 ildən bir tərcümə yenilənməlidir. Hesab edirəm ki, bu sahədə problem var. Tərcüməçilər yerində olmalı və sakinlərə öz hüquqlarını başa düşməkdə kömək etməlidirlər. Bələdiyyələr səviyyəsində hüquq mərkəzləri də olmalıdır ki, insanlar bu mərkəzlərdən yararlana bilsinlər. Bölgələrdə hüquqlarla bağlı görüşlər, təlimlər keçirilməlidir. Həmçinin bələdiyyənin binasında əhalinin gedib hüquqi yardım ala biləcəyi bir yer olmalıdır”, — Nərgiz Əliyeva bildirdi.

“Marneuli və Bolnisidə məhkəmə haqqında məlumatlılığın artırılması” layihəsi USAİD-in Qanunun Aliliyi proqramı çərçivəsində “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”, “Tərəqqi Naminə Prevensiya”-nın təşkilatçılığı ilə həyata keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google