Bələdiyyə Məclisi binasının tikintisi üçün tender təkrar eyni vəsaitlə elan olunub
Marneuli yerli özünüidarəsi Marneuli Bələdiyyə Məclisi binasının tikintisi üçün təkrar tender elan edib. Marneuli meriyası Bələdiyyə Məclisinin tikintisi üçün ilk tenderi 26 dekabr tarixində elan etmişdi. Amma tenderdə heç bir şirkət iştirak etməmişdi. Buna görə də tender baş tutmamışdı.

Marneuli Bələdiyyə Məclisinin yeni binasına ehtiyac yaranması barədə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə
söhbəti zamanı 2023-cü ilin 22 mart tarixində məlumat vermişdi.

“Tender ona görə elan edilib ki, otaqlara yerləşmirik. Özünüz görürsünüz ki, 2 nəfər əvəzinə kabinetlərdə altı nəfər oturur və yer yoxdur. Həm də indi oradakı binada oturan MMC-lər yeni inşa olunacaq binaya keçəcəklər. Bütün MMC və qeyri-kommersiya təşkilatları keçəcəklər, indi oturduqları bina qəzalı vəziyyətdədir. Bu sökülməlidir, qərar verdik ki, onun yerində Bələdiyyə Məclisi binası tikilsin. Bu yəqin bir ildən sonra baş verəcək”,
– Amiran Qiorqadze bildirmişdi.

Marneuli yerli özünüidarəsi Bələdiyyə Məclisi binasının tikintisi üçün yeni tenderi 22 yanvar tarixində eyni vəsaitlə elan edib. Meriya Bələdiyyə Məclisi binasının tikintisi üçün 2 156 344 lari xərcləməyi planlaşdırır. Binanın tikintisi yerli büdcədən 50% 2024-cü ildə, 50% isə 2025-ci ildə maliyyələşdiriləcək.

Qeyd edək ki, Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta sənədlərinin hazırlanmasına 72 000 lari xərcləyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google