“Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər
gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların
siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt,
haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə
var”.
Bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə
Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik
komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı
zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev deyib.
Ali Baş Komandan bildirib ki, indiki döyüşlər zamanı 300-ə yaxın
Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi
götürülüb.
“Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir,
nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna
qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti
bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri,
pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan
tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz
verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu
bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!
Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real
vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına
işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il
ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan
torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə.
İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu
görüntülər var.
İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz
əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu
silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim
torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox.
Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın
qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda
vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan
ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı
çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də
lazım deyil”.
Mənbə: report.az