600-ə yaxın müəllim Lado Abxazavaya həmrəyliyini bildirir

Gürcüstanın müxtəlif bölgələrindən olan müəllimlər mayın 5-də hücuma məruz qalan həmkarları Lado Abxazavaya həmrəyliklərini ifadə edirlər.

Dünən axşama olan məlumata görə [21:34] 555 müəllim bu bəyanatı imzalayıb.

"Müəllim öz işinə əsaslanaraq, yüksək vətəndaşlıq məsuliyyətinə malik vətəndaş olmalı və şagirdlərinə nümunə olmalıdır. Lado Abxazava da məhz belə bir insandır. Hesab edirik ki, dünən baş verən zorakılıq təhlükəli presedentdir,
bu, fəal vətəndaş mövqeyi olan müəllimlərə qarşı zorakılığın yeni nümunəsidi.
Biz hesab edirik ki, hər hansı bir şəxsə qarşı zorakılıq onun mülki və ya digər mövqeyinə görə qəti şəkildə qəbuledilməzdir. Müəllimə qarşı zorakılıq halları daha da qəbuledilməzdir”,
- deyə məlumatda bildirilir.

İmzalayan müəllimlər həmçinin qeyd edirlər ki, zorakılığa göz yummaq zorakılığa səbəb olur və “belə bir mühitdə heç kim təhlükəsiz deyil”.

Onlar hüquq-mühafizə orqanlarını Lado Abxazavaya qarşı zorakılıq faktını operativ və effektiv şəkildə araşdırmağa çağırırlar.

Mayın 5-də axşam saatlarında Lançxuti şəhərində evinin yaxınlığında dəyənəklərlə silahlanmış üç nəfər ona hücum edib – müəllimin sözlərinə görə, o, həmin vaxt 20 yaşlı oğlu ilə birlikdə olub. Abxazava bildirib ki, o, hər üç hücumçunu tanıyır, onlardan biri onun binasında yaşayır.
Abxazavaya hücumdan sonra Daxili İşlər Nazirliyi zorakılıq maddəsi ilə araşdırmalara başlayıb.

2018-ci ildə Lado Abxazava müəllim mükafatının qalibi olmuşdu. Elə həmin il o, Dünya Müəllim Mükafatının 10 finalçısı arasında idi - 27 mart 2019-cu ildə Çibati dövlət məktəbində simvolik ulduza layiq görülmüşdü. Bu mərasimdə yerli hökumət nümayəndələri də iştirak etmişdi.
Gürcüstanda hər il ən yaxşı müəllimləri tanıyan Milli Müəllim Mükafatı müəllimə hücumu pisləyib.

“Biz Lado Abxazavaya hücumu pisləyir və onunla həmrəy olduğumuzu bildiririk. Lado təkcə görkəmli müəllim deyil, həm də görkəmli vətəndaşdır. Onun vətəndaş fəallığı fonunda ona hücum xüsusilə şübhəlidir. İstintaqın vaxtında və operativ şəkildə aparılacağını gözləyirik. Lado ilə danışdıq və xoşbəxtlikdən o və övladı özlərini yaxşı hiss edirlər”, - məlumatda deyilir.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google