3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür.
“Sərhədsiz Reportyorlar” Beynəlxalq təşkilatı mətbuat azadlığının
ənənəvi indeksini dərc edib. 2024-cü ilin reytinqində Gürcüstanın
mövqeyi əvvəlki illə müqayisədə xeyli pisləşib. Gürcüstan 180 ölkə
arasında 103-cü yerdədir. 2023-cü ildə 77-ci idi.
Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ-ın Gürcüstandakı səfirliyi
ABŞ hökumətinin mətbuat azadlığına sadiqliyini vurğulayır və
həqiqəti cəsarətlə çatdıran bütün jurnalistlərə, müxbirlərə
və
media işçilərinə ehtiramını bildirir.
“Gürcüstanda və bütün dünyada jurnalistlərin və media
peşəkarlarının uzun müddətdir dəstəkçisi olaraq, işi sərbəst və
açıq informasiya və ideya axınına kömək edən şəxslərin
təhlükəsizliyini və hüquqlarını qorumağa davam
edirik”, - ABŞ səfirliyinin bəyanatında deyilir.
“Gürcü arzusu” xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının
və KİV-lərin fəaliyyətinin şəffaflığını və dövlət suverenliyinin
qorunmasını hədəfləyir.
Qərb donorlarından maliyyələşən qeyri-hökumət və media qurumları
iddia edir ki, onların gəlirləri artıq bəyan edilib və şəffafdır,
ona görə də hökumətin əsl məqsədi insan haqları, korrupsiya və
digər mühüm məsələlərlə məşğul olan təşkilatların fəaliyyətini
məhdudlaşdırmaqdır.
“Agent qanunu”na etirazların işıqlandırılması zamanı bir çox media
nümayəndələrinə qarşı fiziki zorakılıq olub. Parlamentin spikeri
Şalva Papuaşvilinin sərəncamı ilə 2024-cü ilin aprelindən qüvvədə
olan “Təhlükəsizliyin sarı səviyyəsi”nə görə bəzi jurnalistlərə -
onlayn media nümayəndələrinə etirazlar səbəbindən parlamentdə
işləməyə icazə verilmir.
Papuaşvili medianın məhdudlaşdırılmasını internet nəşrlərinin
jurnalistlərinin akkreditasiyadan “Sui-istifadə edərək” parlamentə
öz peşə borcunu yerinə yetirmək üçün deyil, “etiraz bildirmək” üçün
daxil olması ilə izah edib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.