Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və
dindar Azərbaycana gedən əsas magistral yolda aksiya
keçiriblər.
"Marneuli" radiosu Report.az-a
istinadən xəbər veriri ki, aksiya iştirakçıları “Qırmızı
körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik
bağlayıblar.
Nəticədə yolda avtomobillərin hərəkətində
məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil
etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.)
Gürcüstanındır” şüarı ilə keçirilib.
İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq
xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi
ətrafında yaranmış problemi həll etməyə çağırıblar.
Xatırladaq ki,
Davit Qareci monastırı ətrafında inkişaf etmiş hadisələr barədə
məlumat ilk olaraq 25 aprel tarixində rahiblər monastırının
arximandriti Kirion "Interpressnews"a Azərbaycan sərhədçilərinin
monastıra gedən yolu bağlamaları və ruhani şəxslərə ərazidə sərbəst
hərəkət imkanı vermədiklərini bildirdikdən sonra yayılmışdı.
Gürcüstan Xarici İşlər Nazirliyi qeyd olunan fakta dərhal münasibət
bildirmiş, 26 aprel tarixində isə bildirmişdilər ki, gürcü
ziyarətçilərin Davit Qareci monastırında hərəkətinə heç bir maneə
yoxdur.