Gürcüstan hökumətinin məlumatına görə, tətbiq olunan
tənzimləmələri qane edən üzgüçülük hovuzları və idman zalları
açılacaq.
Hökumətin məlumatına əsasən bu gün, 6 iyul tarixində Əmək
Müfəttişliyi Departamenti hovuz və idman zalları üçün tətbiq
edilmiş tənzimləmələri yayımlayacaq və sabahdan yoxlanalara
başlayacaqlar.
“Üzgüçülük hovuzları və idman zalları Əmək Müfəttişliyi
Departamentinin yoxlamasından sonra açılacaq. Bu barədə Baş nazirin
rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası
bugünkü iclasda qərar qəbul edib. Yoxlamadan uğurla keçən üzgüçülük
hovuzları və idman zalları təcili surətdə fəaliyyətini bərpa
edəcək”, – hökumətdən bildiriblər.
Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəhbəri Beka
Peradzenin bildirdiyinə görə, idman zallarında hər 6 kv. metrə bir
nəfər buraxılacaq. Duşların arasında baryer, şkaflar aralı,
dəsmallar isə birdəfəlik bağlamada olmalıdır. Bundan əlavə hökumət
qrup şəklində idmanlara limit qoyur. Qrupda ən çox 10 nəfər
olmalıdır.
“Havalandırmanın çox böyük əhəmiyyəti var. Təbii
havalandırma lap yaxşı olardı. Süni havalandırma olan zaman aşağı
sürətdə qurulmalıdır. Bu baxımdan müvafiq protokol və qayda tətbiq
olunacaq. Təmizləmədən sonra (məkan) iki tərəfli külək prinsipi ilə
havalandırılmalıdır”, – Peradze deyib.
Beka Peradze bildirib ki, hovuzlarla bağlı suyun kolibakteriyalara
görə laboratoriya analizi lazım olacaq. Şezlonqlar üçün yumşaq
materialdan istifadə etmək qadağandır. Belə ki, hər istifadədən
sonra şezlonqlar dezinfeksiya olunmalıdır.