Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin Nyu-Yorkda
keçirilən 77-ci sessiyası çərçivəsində təşkilatın Baş katibi
Antonio Quterreş ilə görüşüb.
Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər dünya və regionda hazırkı
vəziyyət və çağırışlara dair müzakirə aparıblar.
Məlumata görə, İ.Qaribaşvili A.Quterreşə Gürcüstanın ərazi
bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyinə görə təşəkkür edib
və BMT-nin münaqişənin dinc yolla həllində iştirakını təqdir
edib.
Söhbət zamanı Ukraynada davam edən müharibəyə də toxunulub.
İ.Qaribaşvili qeyd edib ki, bu müharibə beynəlxalq təhlükəsizlik
arxitekturasını və qaydalara əsaslanan dünya nizamını sarsıdıb.
Tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinə də
toxunublar. Söhbət zamanı İ.Qaribaşvilinin səyləri nəticəsində
Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya
toxunulub.
Qeyd olunub ki, bu razılaşma nəticəsində saxlanılan ermənilərlə
Azərbaycanın minalanmış ərazilərinin xəritəsi mübadilə edilib. Baş
nazir İ.Qaribaşvili regionda sülh və sabitliyin təmin edilməsi
məqsədilə Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu
davam etdirməyə hazır olduğunu vurğulayıb.