Biz Rusiya ilə ticarət əlaqələrini dayandırsaq, bu, on minlərlə
Gürcüstan vətəndaşının maraqlarına ciddi zərbə vuracaq.
Bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
O bildirib ki, sözügedən qərar verilərsə, bu addım iqtisadiyyatın
pozulmasına gətirib çıxaracaq:
"Bizim Rusiya ilə həmişə, o cümlədən 2008, 2009, 2010,
2011, 2012-ci illərdə ticarət əlaqələrimiz olub, bu ticarət
əlaqələri davam edir və bununla bağlı siyasətə heç vaxt yenidən
baxılmayıb. Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi, təbii ki,
vətəndaşlarımızın vəziyyətini xeyli ağırlaşdıracaq. Ümumilikdə
(Rusiyadan) asılılıq 12 faiz təşkil edir ki, bu da bizim ticarət
əlaqələrimizin çoxşaxəli olması deməkdir. Bu 12 faiz birdən-birə
kəsilsəydi, on minlərlə, bəlkə də yüz minlərlə vətəndaşlarımızın,
fermerlərimizin, kəndlilərimizin bilavasitə konkret gəlirdən məhrum
olması demək olardı. 2008-ci il müharibəsindən sonra da əvvəlki
hökumət Rusiya ilə ticarət əlaqələrini kəsməyib, çünki bunda
müəyyən məntiq var. Ticarət əlaqələrinin saxlanması
vətəndaşlarımızın mənafeyinə xələl gətirməmək üçün müxtəlif
yollarla vacib olub və qalır. İnanın ki, biz ticarət əlaqələrini
kəsməklə Rusiyaya bir qram belə ziyan vurmayacağıq, lakin bu,
Gürcüstanın on minlərlə vətəndaşının mənafeyinə ciddi zərbə
vuracaq”.