Bakı-Tbilisi-Qars istiqamətinin artırılması, Orta Asiyadan Avropaya yüklərin daşınması üçün Gürcüstan limanlarından istifadə etmək bütün ölkələrin marağındadır – İlham Əliyev
Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var. Enerji resursları, nəqliyyat dəhlizləri var.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

“Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Həm geosiyasi vəziyyətlə bağlı, həm bütövlükdə yeni nəqliyyat yolları bütün yol boyunca yerləşən ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan, bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır və biz buna hazır olmalıyıq”,
- Prezident İlham Əliyev qeyd edib.

Əliyevin bildirdiyinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini artırılmasını istəyirlər.

“Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə də nəqliyyat sahəsində Gürcüstanla Azərbaycan arasında sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır”,
- Prezident İlham Əliyev qeyd edib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google