Marneulinin 2023-cü il büdcəsindən eyvanları uçmuş korpusun bərpası üçün 1 715 500 lari ayrılıb
Marneuli yerli özünüidarəsi Nərimanov küçəsi 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının bərpası üçün 2023-cü ilin büdcəsindən 1 715 500 lari ayırıb.

Marneulinin 2023-cü il büdcəsinin qəzalı vəziyyətdə olan bina və evlərin bərpası proqramına əsasən, proqram çərçivəsində bələdiyyə ərazisində qəzalı vəziyyətdə olan binaların araşdırılması, gözlənilən təhlükələrin qarşısının alınması məqsədi ilə ekspertizanın aparılması həyata keçiriləcək. Proqram həmçinin, büdcə imkanları
çərçivəsində qəzalı vəziyyətdə olan binaların bərpasını da nəzərdə tutur. Məhz qeyd olunan proqram üçün büdcədən 1 715 500 lari ayrılıb.

Qeyd etmək lazımdır ki, Marneulinin 2022-ci il büdcəsində “qəzalı vəziyyətdə olan bina və evlərin bərpası üçün” proqram nəzərdə tutulmamışdı. Bu gün, 24 yanvar tarixində Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Maia Naveriani “Marneuli” radiosuna bildirdi ki, proqramın əlavə edilməsi Nərimanov küçəsində yerləşən yaşayış korpusunun bərpasına görə lazım olub.

Yeddi aydır ki, Marneulidə, Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının iki eyvanı uçub. Hadisə nəticəsində iki qadın həyatını itirmişdi. Beşinci mərtəbənin eyvanı 26 iyun tarixində uçmuşdu və bu dördüncü mərtəbənin eyvanının da uçmasına səbəb olmuşdu. Hadisədən sonra Marneuli meriyası vətəndaşları mehmanxanaya yerləşdirmişdi. Eyvanı uçmuş binanın vəziyyətini Levan Samxarauli adına Milli Məhkəmə Ekspertiza Bürosu araşdırmışdı. Onların nəticəsinə görə, binada bərkitmə-gücləndirmə işlərinə ehtiyac var. Buna baxmayaraq, binanın sakinləri yenidən öz evlərinə qayıtdılar. Özünüidarə 2022-ci ilin 18 noyabr tarixində binanın bərpası üçün 2 121 737 lari dəyərində tender elan etsə də, tenderdə heç bir şirkət iştirak etmədiyindən tender baş tutmamışdı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google