Türkiyə hakimiyyəti İstanbulda kilsədə dini ayin zamanı bir nəfərin
ölümü ilə nəticələnmiş silahlı hücumdan sonra iki nəfərin
saxlandığını bildirir.
Daxili işlər naziri Ali Yerlikaya həmin şəxslərin "İslam Dövləti"
(İŞİD) qruplaşmasına bağlı ola biləcəyini deyib.
Silahlı hücum yanvarın 28-də səhər saatlarında İstanbulun Sarıyer
rayonunda "Santa Mariya" italyan kilsəsində baş verib. Silahlıların
hədəfə aldığı bir türkiyəli həlak olub.
Yerlikaya jurnalistlərə deyib ki, İstanbulda azı 30 məkanda reydlər
keçirilib, indiyədək 47 nəfər saxlanılıb. Şübhəlilərin bu reydlərin
birində saxlandığı bildirilir.
“Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda
tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün
ərzində 30 müxtəlif ünvanda reyd keçirib. 47 nəfər saxlanılıb. Qətl
törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik,
digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür.
İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi
edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə
dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına
başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə
mübarizə aparırıq”, - deyə o bildirib.
İŞİD məsuliyyəti götürüb
İŞİD daha öncə Telegram-da bu hücuma görə məsuliyyəti üzərinə
götürüb. Qruplaşma qeyd edib ki, liderlərinin yəhudiləri və
xristianları hədəfə almaq çağırışına cavab veriblər.
Kilsə daxilindən "Reuters"in dəqiqləşdirdiyi CCTV görüntülərində
maskalı silahlıların binaya daxil olduğu, onların qarşısından keçən
kişiyə atəş açdığı görünür. Silahlılar dərhal da oranı tərk
edirlər.
Prezident Rəcəb Tayyib Ərdoğan kilsənin keşişinə zəng vuraraq
başsağlığı verib, dəstəyini ifadə edib.
İŞİD indiyədək Türkiyədə saysız hücumlar gerçəkləşdirib. 2017-ci il
yanvarın 1-də İstanbulda gecə klubuna hücumda 39 nəfər həlak
olub.
Yerlikaya deyib ki, 2023-cü ilin iyunundan bəri İŞİD-ə bağlı
olmaqda şübhəli sayılan azı 2 min nəfər saxlanılıb, 529 nəfər isə
həbs olunub.