Marneuli miqyasında uşaq bağçaları dolub və qruplarda nəzərdə
tutulduğundan artıq uşaq var.
Marneulinin bir neçə bağçasının müəllimləri gizliliyi qorumaq şərti
ilə “Marneuli” radiosuna bildirdilər ki, uşaqların sayının
artmasına görə, öz vəzifələrini yerinə yetirməkdə çətinlik
çəkirlər.
“Qrupda çox uşaq var və bir müəllim, bir köməkçi bu qədər işin
öhdəsindən gələ bilmirik. Yaxşı olar ki, müəllimlərin sayını
artırsınlar və ya uşağın sayını azaltsınlar”, –
Marneuli bağçalarından birinin müəllimi bildirdi.
Müvəqqəti olaraq Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri
səlahiyyətlərini icra edən Edişer Kutalia “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, Uşaq Bağçaları Birliyi bağçalarda
nəzərdə tutulduğundan artıq uşaq olduğu barədə məlumatlıdır. Mövcud
resurslar çərçivəsində problemin həllinə çalışır.
“Bildiyiniz kimi, Marneulidə məktəbəqədər təhsil
xidməti ilə bağlı tələb yüksəkdir. Müvafiq olaraq, biz maksimum
dərəcədə çalışırıq, Uşaq Bağçaları Birliyində diqqət xüsusilə
Marneuli şəhər bağçalarına yönəldilib ki, uşaqlar bağçadan kənar
qalmasınlar. Bildiyiniz kimi, Marneuli şəhər 1 saylı uşaq bağçası
bərpa prosesindədir və artıq tezliklə açılacaq. Eləcə də
Qızılahcılı kəndi Marneuliyə çox yaxın yerləşir, həmin bağçada da
bərpa işləri aparılır. Bu bağçalar açılan zaman əlbəttə, yük
müəyyən qədər azalacaq”.
Kutalianın sözlərinə görə, bağçalara müəyyən sayda uşaq
qeydiyyatdan keçib, amma onların bir qismi bağçaya getmir. O,
bildirir ki, uşaqların bağçadan kənar qalmasındansa uşaq
bağçalarının qruplarında uşaq sayının artırılması daha
yaxşıdır.
“Təsəvvür edin, Marneulidə təxminən 2000 uşaq qeydiyyatdan keçib.
Onlar məktəb yaşındadırlar və həmin 2000 uşağı şəhərdə cəmi 3 bağça
qəbul etməlidir. Bizə verilmiş infrastruktur çərçivəsində çalışırıq
ki, ondan istifadə edək və müvafiq olaraq 1 saylı uşaq bağçası
açılanda vəziyyət də düzələcək”.
O, qeyd edir ki, əgər birliyin bağçalarda müəllim sayını artırmaq
imkanı olarsa, onların sayı mütləq artırılacaq.
Marneulidə ümumilikdə 14 uşaq bağçası var. Amma onlardan 2022-23-cü
tədris ilinə yalnız 11 bağça başlayıb.