Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki,
Gürcüstanın itirdiyi torpaqları tezliklə qaytarmaq perspektivləri
yaranır.
Bələdiyyə Məclisinin 24 may tarixində baş tutan iclası başa çatan
zaman Qiorqadze vətəndaşları Gürcüstanın Müstəqillik Günü
münasibəti ilə təbrik edib. O, məhz həmin vaxt bildirib ki, ola
bilsin, yaxın zamanda itirdiyimiz torpaqların qaytarılmasını bayram
edək.
"Bir neçə günə ölkəmiz Müstəqillik Gününü qeyd edəcək. Mən meriya,
Bələdiyyə Məclisi adından əvvəlcədən hamını Müstəqillik Günü
münasibəti ilə təbrik etmək istəyirəm. İstəyərdim ki, qısa müddətdə
birlikdə bütün ərazilərimizin birləşməsini bayram edək. Bununla
bağlı müəyyən məsələlər qeyd olunur ki, tezliklə bütün itirdiyimiz
torpaqların qaytarılmasını bayram etmək perspektivləri yaranır. Bu
Abxaziya, Samaçablo əraziləridir və mən istərdim ki, Patriarxın da
buyurduğu kimi, Allah eşitsin, bütöv Gürcüstanı görmədən bu
dünyadan köçməyim. Allahdan və bu məsələnin tezliklə həll
olunmasını istəyən hər kəsdən bunu istəyirəm", –
Amiran Qiorqadze bildirib.
Gürcüstan ərazisinin 20%-dən çoxu Rusiya tərəfindən işğal edilib.
1992-1993-cü illərdə Rusiya-Gürcüstan müharibəsi Abxaziyada gedirdi
və bu zaman Rusiya Gürcüstanın bir hissəsini, Abxaziyanı işğal
edib. Yaxın tarixdə Rusiya ikinci dəfə, 2008-ci ildə Gürcüstana
hücum edib. Bu zaman Samaçablonu işğal edib.
İşğalçı ölkənin, Rusiyanın prezidenti Vladimir Putin Gürcüstanla
birbaşa uçuşları bərpa edib. Moskvadan Tbilisiyə ilk təyyarə 19 may
tarixində gəlib və müxalifət, vətəndaş sektoru bunu etirazla
qarşılayıb.