Aprelin 26-da Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər
Xəstəxanasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğının
beşmərtəbəli xəstəxana binasının zirzəmisində yerləşən elektrik
lövhəsində başladığı müəyyən edilib: "…Yanğın genişlənməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb".
FHN bildirir ki, 58 xəstə və 90 xəstəxana personalı təhlükəsiz
əraziyə təxliyə olunub. Nazirliyin açıqlamasına görə, xəstəxananın
reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü N.M.-in meyiti aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Turan"a
verilən məlumata görə, tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə
şöbələrində müalicə alan səkkiz pasiyent Akademik Zülfüqar Məmmədov
adına Xəstəxanaya yerləşdirilib. Daha 19 xəstənin də başqa
xəstəxanalara yerləşdirildiyi deyilir: "Eyni zamanda, tibb
müəssisəsinin üç əməkdaşı hadisə zamanı xəsarət alıb. Hazırda
vəziyyətləri stabildir".
Baş verənlərlə bağlı xəsarət alanlar və həlak olan şəxsin yaxınları
ilə danışmaq mümkün olmayıb.