Milli azlıqların yaşadığı bölgələrdəki məktəblərdə gürcü dili müəllimlərinin bir hissəsi gürcü dilini ünsiyyət səviyyəsində belə bilmir – Xalq müdafiəçisi

Gürcüstanda insan hüquqları və azadlığın müdafiəsi vəziyyəti ilə bağlı 2018-ci ilin hesabatına görə, məktəb təhsilinin milli azlıqlar əlçatanlığı baxımından ötən illərdə mövcud olan problemlər yenə də aktualdır.



Gürcüstanda milli azlıqların dilində (azərbaycan, erməni, rus) təhsil 290 ictimai məktəb və sektorda davam edir. Gürcüstan miqyasında müxtəlif fənlər üzrə azərbaycandilli müəllimlərin sayı 3 411 nəfərdir. Azərbaycandilli məktəb və sektorlarda təhsil alan şagirdlərin sayı isə 25 018 nəfərdir.

Hesabata görə, çox dilli, iki dilli tədris metodunun tətbiq olunduğu məktəblərdə çox dilli müəllimlər və dərsliklər məsələsi yenə də problem olaraq qalmaqdadır.

“Məktəblərdə ana dili və ədəbiyyatın (azərbaycan/erməni/rus) qrifsiz dərsliklərlə tədrisi məsələsi problem olaraq qalmaqdadır. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, bu problemin aradan qaldırılması üçün elan olunmuş müsabiqəyə heç bir ərizə daxil olmayıb.” – Xalq müdafiəçisinin hesabatında qeyd edilib.

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, azərbaycandilli məktəblərdə 539 gürcü dili müəllimi fəaliyyət göstərir. Xalq müdafiəçisinin hesabatına görə, milli azlıqların yaşadığı bölgələrdəki məktəblərdə gürcü dili müəllimlərinin bir hissəsi gürcü dilini ünsiyyət səviyyəsində belə bilmir. Müəllimlərin Peşəkarlığının İnkişafı Mərkəzi tərəfindən bölgələrə ezam olunmuş gürcü dili müəllimlərinin sayı isə məktəb tədrisi çərçivəsində dövlət dili probleminin tam həlli üçün kifayət deyil.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər