“Abxaziya müharibəsinin qəhrəmanı doğma şəhərində tanınacaqmı?”
Marneulili Yanvar (Ənvər) Hümbətov Abxaziya müharibəsində döyüşüb. 1993-cü il 4 iyun tarixində hərbi tapşırığı uğurla başa vurduqdan sonra, geri qayıdan zaman pusquya düşür, yoldaşlarını ölümdən xilas edir, özü isə həlak olur.

Ancaq Marneulidə Gürcüstan uğrunda həlak olmuş qəhrəmanlar memorialında onun adına rast gəlmirik.

Teimuraz Qelaşvili, Qia Romelaşvili, Yuri Nadiradze, Eldar Mantaşaşvili, Davit Parciani, Zaza Boçoidze, Qiorqi Tatuaşvili, Roman Zoidze və Mamuka Şubitidze – bu Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlar memorialında yer alan Marneulili qəhrəmanların adlarıdır. Onlar Abxaziya və Tsxinvali/Cənubi Osetiya müharibəsində həlak olublar.

Bu memorialda 90-cı illərdə və ya 2008-ci il müharibəsində Gürcüstan uğrunda vuruşan heç bir etnik azərbaycanlının adı yoxdur.

Ənvər Hümbətovun ailəsi meriyadan Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgərin adına abidənin açılmasını və ya heç olmasa, xatirə abidəsinin üzərinə onun adının yazılmasını xahiş edib, lakin iki ildir ki, Marneuli meriyasında onların xahişini cavabsız qoyurlar.

Niyə Marneulidə Ənvər Hümbətovun adına küçə/abidə/memorial olmalıdır?

Marneulili mülki fəal Samirə Bayramova illərdir, etnik azlıqların hüquqlarının müdafiəsi məsələləri üzərində işləyir. Onun sözlərinə görə, dövlətin regionda yaşayan etnik azərbaycanlıların özlərini Gürcüstanın tamhüquqlu vətəndaşı hiss etməsinin qayğısına qalmalıdır.

O, iki il əvvəl 1600-ə yaxın yerli sakinin imzası ilə Marneuli meriyasına Hümbətovun adına küçə olması, onun abidəsinin ucaldılması və adının Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlar abidəsinə yazılması ilə bağlı müraciətlə etsə də, nəticəsi olmayıb. 


Ənvər Hümbətov kimdir?

Yanvar (Ənvər) Hümbətov 1950-ci il 1 yanvar tarixində Marneuli bələdiyyəsinin Algeti kəndində anadan olub. Ailəsi Rustaviyə köçüb. Ənvər isə məktəbi Rustavidəki 12 saylı məktəbdə bitirib. O, Rustavi Metallurgiya Zavodunda işləyib, eyni zamanda Gürcüstan Politexnik Universitetinin Rustavi filialının metallurgiya fakültəsində təhsil alıb.

Təhsilini başa vuran Hümbətov Polşada yerləşən Sovet Ordusunun Hava Hücumundan Müdafiə bölməsində hərbi xidmətini başa vurub, oradan leytenant rütbəsi ilə Gürcüstana qayıdıb.


1994-cü il 30 dekabr tarixində Gürcüstan Prezidentinin sərəncamı ilə döyüş meydanında göstərdiyi şücaət və fədakarlığa görə Ənvər Hümbətov III dərəcəli Vaxtanq Qorqasali ordeni ilə təltif edilib. Onun adı Tbilisidə Qəhrəmanlar Meydanında, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin üzərində yazılıb, lakin Hümbətovun adı doğulduğu Marneulidəki qəhrəmanlar abidəsində yoxdur. Ancaq Rustavidə onun xatirə memorialına rast gələ bilərsiniz.

“Samirə Bayramova yerli özünüidarənin Yanvar Hümbətova bu münasibətini yerli əhaliyə, Abxaziya müharibəsinə və onun qəhrəmanlarına qarşı hörmətsizlik hesab edir.


Vaqif Bayramov

Abxaziya müharibəsində daha bir Marneulili, Vaqif Bayramov vuruşub. O, müharibədən sağ qayıdıb və 2006-cı ildə, 44 yaşında dünyasını dəyişib. Onun övladı Nübar Bayramova bildirir ki, atası müharibə başlayanda ehtiyatda idi, amma o, özü müharibə meydanında vuruşmağa qərar verib.

Atası vəfat edəndə Nübar onuncu sinifdə oxuyurmuş, ancaq uşaqlıqda onunla Gürcüstandan, onun tarixindən, vətənpərvərliyindən danışdığını hələ də xatırlayır:

“Atam ömrünün sonuna kimi hərbçi olub, Marneulidə orduda işləyirdi, Gürcüstan tarixindən dərs deyib. Bəlkə də ona görədir ki, onda belə böyük vətənpərvərlik hissi yaranıb və bizləri, uşaqları belə tərbiyə edib. Həmişə deyirdi ki, biz vətənimiz üçün mübarizə aparmalıyıq, etnik mənsubiyyətimizin fərqi yoxdur. Xatırlayıram ki, əmimuşaqları atama deyirdilər – sən torpağa görə, sənin olmayan torpaqlara görə az qala öləcəkdin – atam həmişə buna qəzəblənirdi. Deyirdi ki, biz burada doğulmuşuq, böyümüşük və bu torpaq da bizimdir, ölsək, bizi burada dəfn edəcəklər, ona görə çox hirslənirdi. Müharibədən sonra medal aldı, bizə kimsə gələndə də həmişə bu medalı götürüb, fəxrlə danışırdı”, – Nübar bildirir.

Nübar Vaqif Bayramovun ölümündən sonra, bu il ailənin dövlətdən hər hansı yardım ala biləcəyini öyrənmək qərarına gəlib. Bayramovun 4 azyaşlı uşağı qalıb və Nübar dövlətdən bir qədər kömək almaq istəsə də, o, özü və ailəsinin dövlət yardımını ala bilməyəcəyini öyrənib.

Nübar da hesab edir ki, Marneulidə atasının adına küçə olmalıdır, yerli sakinlər öz həmyerlilərinin Gürcüstan uğrunda döyüşüb, fədakarlıq etdiklərini bilməlidirlər.

“Bir küçəyə ad vermək çox asandır, illərdir bu küçələr rus adları daşıyırdı, əgər küçələrdən birinə Vaqif Bayramovun adı verilsə, nə olar?” – Nubar deyir – “Təəssüf ki, pandemiyadan sonra etnik azərbaycanlı icması bir qədər kənarda qaldı. Köhnə “bu ölkədən gedin” deyimləri yenidən başladı və azərbaycanlılar “biz Gürcüstanın bir hissəsi deyilik” deyirdilər. Ona görə də bu ölkə üçün nə isə etmiş insanların dəyərini bilmək lazımdır. Bununla həm özümün, həm də 150-dən çox ailədən ibarət olan qohumlarımın qiymətləndirildiyini hiss edərəm. Başa düşürsünüz ki, biz nə qədər razı qalacağıq və yaşadığımız, nə isə etmək istədiyimiz ölkəyə sevgimiz nə qədər artacaq".

Aydındır ki, Gürcüstanda yaşayan etnik azlıq nümayəndələri 1990-cı illərdə və 2008-ci ildə ölkə uğrunda döyüşüblər, baxmayaraq ki, bunu yalnız “Gürcüstanın Döyüşçülər İttifaqı”-nın “Facebook” səhifəsində dərc olunan paylaşımlar təsdiq edir.

Marneuli meriyasında bizə dedilər ki, silahlı münaqişələr zamanı Gürcüstan ordusunda neçə nəfərin döyüşdüyünü bilmirlər.

“Düzünü desəm, başa düşmürəm ki, insan müharibədə həlak olan minlərlə insanın adını necə xatırlamalıdır, amma müharibənin özü və 90-cı illər haqqında daha çox araşdırma aparmaq, əhaliyə daha çox məlumat vermək lazımdır. Siyasi və hərbi prosesin özü elə qiymətləndirilməlidir ki, ictimaiyyət bu barədə məlumatlı olsun”, – tarixçi Davit Cişkarani bildirir – “Gürcüstan reallığında siyasi elita əhalinin Abxaziyadakı müharibə haqqında məlumatlı olması ilə maraqlanmır”.

Müdafiə Nazirliyinin Veteranların İşləri üzrə Dövlət Xidmətindən bildirdilər ki, onlar veteranları etnik mənsubiyyətinə görə ayırmırlar – “Gürcüstan uğrunda döyüşənlərin hamısı bizim üçün eynidir” – amma fakt budur ki, Ənvər Hümbətovun adı Marneuli Qəhrəmanlarının Memorialında bu günə qədər yazılmayıb.

Marneuli meri Yanvar Hümbətovun məsələsi ilə bağlı “Marneuli” radiosuna müsahibə vermir. Bir neçə həftədir ki, meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən mer ilə müsahibənin lentə alınmasını xahiş etsək də, indiyədək ondan müsahibə ala bilməmişik.

Rəsmi məktuba cavab olaraq Marneuli meriyası bizə məlumat verdi ki, Algeti kəndində küçələrin adlandırılması prosesində küçələrdən birinə Yanvar Hümbətovun adının verilməsi müzakirə olunacaq.

Meriya, həmçinin, yazılı şəkildə bildirir ki, Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların Marneuli şəhərində yerləşən memorialında yalnız Marneuli hərbi komissarlığından hərbi xidmətə çağırılanların ad və soyadları yazılıb. Meriya araşdırmalar əsasında müəyyən edib ki, Yanvar Hümbətov hərbi xidmətə Marneuli Hərbi Komissarlığından çağırılmayıb - “Yanvar Hümbətov Rustavi şəhərində yaşayıb işləyirdi. Müvafiq olaraq, yaşayış yerinə uyğun, Rustavi Hərbi Komissarlığında hərbi qeydiyyatda olmalı idi”, – buna görə də onun adı Marneuli memorialında yer almayıb.

Print Email
FaceBook Twitter Google