Marneulinin çirkli küçələrini çəkib “Tik-Tok”da göstərən vətəndaş - Marneuli meriyası reaksiya göstərəcəkmi?
Yol, su, kanalizasiya, zibil – bunlar Marneuli sakinlərini narahat edən əsas problemlərdəndir. Artıq sadə insanlar da şəhərdəki problemləri özlərinin şəxsi sosial hesablarında çəkərək paylaşırlar. Onlar ümid edirlər ki, bu cür videolar çəkib paylaşsalar, aidiyyəti orqanlar bəlkə görüb reaksiya göstərərlər.

Onlardan biri də Marneuli sakini Hüseyn Əbilovdur. O, şəhərin müxtəlif küçələrində çəkilişlər edərək problemləri dilə gətirərir və “tiktok” hesabında paylaşır. Hüseyn Əbilov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun əsas məqsədi şəhərin təmizliyinə riayət olunmasıdır.

“Bizim Marneuli ərazisində sayımız çox olduğu üçün mən hər zaman istəyərəm ki, bizim Marneulimiz ən tanınmış rayon olsun. Tanınmış şəhər olsun. Biz Azərbaycanlıların hamımızın pulu var. Bugünkü gün biz pis vəziyyətdəyik. Çünki bizim merimizin savadı yoxdur. Get Bolnisiyə, Tbilisiyə, Batumiyə, Kutaisiyə bax, nə gözəldir. Mənim körpə uşağım var. Uşaq arabası ilə çölə çıxa bilmirəm. Gərək hər zaman uşaq arabasını əlimdə daşıyam. Mən buna görə bu problemləri çəkməyə başladım. Mən videoları eləcə çəkdim, paylaşdım. Gördüm ki, millətin xoşuna gəlir. Heç olmasa, bizim dövlətdə bir insan görsün, bunun qarşısını alsın. Yəni burda dövləti təhqir etmək, dövlətin nəyinisə üzərə çıxarmaq fikrim yoxdur. Mən Qazaxıstanda yaşayıram. Bir dənə belə çəkilişim olanda tezcə gəlib təmizləyirlər. Görürlər ki, insanların bundan xəbərləri var. Amma bu dərəcədə də səhv yox da. Bazarın qabağı pis gündə. Yollar pis gündə. Arx epidemiyadır. Təmizlik lazımdır. Təmizliyə riayət etmək lazımdır”.


Əbilov deyir ki, Marneulinin küçələrində adi zibil qabları yoxdursa, onlar o zibilləri hara atmalıdırlar.

“Bax, deyirik ki, bizim xalq kirlidir. Tamam. Olsun kirli xalq. Sən zibil yeşiyini qoy ki, insanlar o zibili zibil qabına atsınlar. Zibili zibil qabına atmasalar, cərimələ. Bax onda görüm kim zibili yerə atacaq, kim təmizliyə riayət etməyəcək. Sən bir şey yaratmırsan? Millət necə təmizliyə riayət etsin. Məsələn mənim əlimdə butulka var. Mən butulkanı evəmi aparım. 20 faiz insanlar kirli ola bilər. Bunun 80 faizi var. Burda erməni də, gürcü də, azərbaycanlı da, rus da, ukraynalı da, alman da, yunan da yaşayır. Hər millət yaşayır. Nə oldu ki, bütün kirliliyi bizim millətmi eylədi. Ona görə ki, bizim dövlətdə məmurlar işləmir. Marneulinin deputatı Məmmədov Tarieldir. Mənim sinif yoldaşımdır. Piriyev Anar. Görübsənmi hardasa Piriyev Anar bir məhəlləyə girə? Bir dənə işlə maraqlana. Bir dənə insanın qayğısına qala. Mən Gürcüstanı başqa ölkədə təmsil edirəm. Mən evimə, ailəmə qonaq gələn insan ikinci dəfə gəlmək istəmir. Ailəmə görə yox, məhəlləyə görə. Şəhərin pis gününə görə. Hamı deyir gəl Tbilisidə görüşək. Mən nəyə görə, Marneulimi Tbilisidə təmsil etməliyəm?”


Hüseyn Əbilovun Marneuli merindən xahiş edir ki, rayona çıxsın, xalqla görüşsün, xalqın problemlərini dinləsin və həll etsin.



Print Email
FaceBook Twitter Google