Moskvada rus hərbçilərinin həyat yoldaşlarının etiraz aksiyası zamanı onlarla insan saxlanılıb
Rusiya müstəqil xəbər saytlarının verdiyi məlumata görə, fevralın 3-də Moskvanın mərkəzində Ukraynada döyüşmək üçün səfərbər olan rus hərbçilərinin arvadları və digər qohumlarının onların geri qaytarılmasına çağırış etdiyi aksiyada əsasən jurnalistlər olmaqda iyirmidən çox insan saxlanılıb.

Qohumlar Kreml divarları yaxınlığındakı Naməlum Əsgərin məzarına gül dəstələri qoymaq üçün toplaşıblar. Onlar Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin sentyabrında Moskvanın Ukraynaya qarşı tammiqyaslı müharibəsində döyüş meydanında uğursuzluqlardan sonra 300.000-ə qədər ehtiyatda olan hərbçinin "qismən səfərbər edilməsi" əmrindən 500 gün keçməsini qeyd ediblər.

Həmin səfərbərlik çağırışı əhali arasında çox qeyri-populyar idi və yüz minlərlə insanı hərbi xidmətə çağırılmamaq üçün xaricə qaçmağa sövq etdi.

2022-ci ildə hərbi xidmətə çağırılan bəzi ehtiyatda olan hərbçilərin həyat yoldaşları və qohumları onların tərxis olunmaları və müqaviləli əsgərlərlə əvəzlənməsi üçün kampaniya aparıblar. Şənbə günü nümayişini belə təşviqat qruplarından biri təşkil edib.

Müstəqil Rusiya xəbər agentliyi SOTA.vision tərəfindən yayımlanan videoda repressiyalardan qorxaraq adının şərti olaraq Antonina olduğu qeyd edilən etirazçılardan birinin "Biz ərlərimizin sağ qalmasını istəyirik" dediyi eşidilir.

"Mən tək yaşamaq istəmirəm! Və əgər (Rusiya hakimiyyəti) bunu başa düşmürsə ... bilmirəm. Allah onların hakimi olsun", - o, göz yaşlarını saxlayaraq SOTA.vision müxbirinə deyib.

Şənbə günü nümayiş The Way Home təşkilatı tərəfindən təşkil edilən oxşar həftəlik nümayişlərdən doqquzuncusu və ən böyüyü idi. Rusiyanın məşhur Telegram xəbər kanallarından biri təxminən 200 nəfərin iştirak etdiyini təxmin edir.


Print Email
Tags: Rusiya Ukrayna
FaceBook Twitter Google