14-16 oktyabr tarixlərində Tbilisidə kikboksinq üzrə Gürcüstan
çempionatı keçirilib. Yarışa Marneulidən 12 idmançı qatılıb.
12 idmançıdan Avtandil Mehdiyev və Rəvan Koxayev Gürcüstan çempionu
olublar.
“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yarışa
Marneulidən iki idman klubu qatılıb. Onun bildirdiyinə görə, bu
yarışda qələbə qazanan idmançılar növbəti yerli və beynəlxalq
yarışlarda iştirak edəcəklər.
“Marneulidən yarışda iştirak edən klublardan biri mənim
rəhbərlik etdiyim “Görarxı” idman klubudur. Digəri isə Namiq
Səfərovun rəhbəri olduğu “Cəlil Səfərov” adına idman klubudur.
Yarışa iki idman klubundan 12 idmançı ilə qatılmışdıq. Onlardan
ikisi çempion oldu. 5 nəfər ikinci yerə çıxdı. 5 nəfər isə üçüncü
yeri qazandı. Bu yarışda Gürcüstan çempionu adına layiq görülənlər
növbəti yerli və beynəlxalq yarışlarda iştirak etmək hüququ
qazandılar”.
Kikboksinq üzrə Gürcüstan çempionatı uğrunda keçirilən yarışda
müxtəlif şəhər və bələdiyyələrdən 160-a yaxın idmançı iştirak edib.
Yarışa qatılan klublar arasında Qardabanidə fəaliyyət göstərən
“Qaracalar” idman klubunun yetirmələri klublar arasında birinci
yeri qazanıblar. 8 müxtəlif çəki üzrə yarışa qatılan “Qaracalar”
idman klubunun yetirmələrindən bir nəfəri 1-ci yerə, 5 nəfər
idmançısı isə ikinci yerə çıxıb.
Gürcüstan Kikboks və Tayboks Federasiyasının təşkilatçılığı ilə
keçirilən yarış paytaxt Tbilisidə yerləşən Gürcüstan Bədən
Tərbiyəsi və İdman Universitetinin idman zalında keçirilib.