18 yaşlı Səlma (ad şərtidir) Marneulidə yaşayır və 12-ci sinifdə
oxuyur. Səlma abituriyentdir riyaziyyat və məntiq kurslarına gedir.
Tək istəyi İlya Dövlət Universitetinə qəbul olub təhsilini davam
etdirməkdir. Səlma 18 yaşı olmasına baxmayaraq acı taleyi ilə
razılaşıb, sinəsini gərərək insanların fikirlərini önəmsəmədən
həyatına olduğu kimi davam edir. Onun sözlərinə görə, insanlar onun
haqqında bildi, bilmədi
danışıb, ələ salaraq gülürlər.
“4 il əvvəl 8-ci sinifdə oxuyan zamanlar müəlliməmiz sinfə daxil
olub, gəzinti üçün dağa çıxacağıq dedi. Həmin gün çox sevinmişdim,
əylənəcəkdik, yaxşı vaxt keçirəcəkdik deyə düşünürdüm. Amma
yanılmışdım, haradan bilərdim ki, o gün mənim həyatımdakı dəyişim
nöqtəsi olacaq. Səhər məktəbin qarşısına toplandıq və yola düşdük.
Bir az gəzdim, sonra qızlar dedilər gəlin yüksək dağa qalxaq və
qalxdıq. Çıxdığımız zaman mən yıxıldım və başımdan xəsarət
aldım”, – Səlma deyir.
O, bu yaranın keçib gedəcəyini düşünüb, evdəkilərə heç nə deməyib
və həyatına olduğu kimi davam edib. Amma günbəgün Səlma saçlarının
töküldüyünü hiss edib və qorxub. Ailəsi şübhələnərək onu həkimə
aparıb. Həkim isə diaqnoz qoyaraq sadəcə vitamin çatışmazlığıdır
deyib.
“Həkim bu dərmanları alın, çəkin düzələcək dediyində
elə bil həyata yenidən gəlmiş kimi sevindim. Bir müddət keçdikdən
sonra heç bir xeyri olmadığını gördüm. İyun ayı olardı, bir səhər
qalxdım, qardaşımın anama kirmişcə “Ana Səlmanın saçı təmiz
tökülüb” dediyini eşitdim. Tez aynanın qabağına getdim, baxdıqda
gördüm ki, saçım tökülüb və dərim görünür. Otağıma girdim qapını
bağlayıb hönkürə-hönkürə ağladım”, – Səlma deyir.
Valideynləri Səlmanın xəstəliyinin ciddiləşdiyini görərək onu
Tbilisidə yerləşən xəstəxanaların birinə aparırlar. Həkim
valideynlərinə Səlmanın dərisinə infeksiya daxil olduğuna görə
zəhərləndiyini deyir. Bu sözləri eşidən Səlmanın dünyası
qaralmışdı.
“Saçını tamamilə kəsin saçı yenilənsin”,
– həkim onun valideynlərinə deyir.
Səlma deyir ki, evə gəldikdə valideynləri onun saçını tamamilə
kəsib. O, valideynləri üzülməsin deyə gülümsəməyə çalışıb, lakin
həmin gün Səlmanın həyatındakı ən ağır günlərdən biri olub. Bundan
sonra o, utanaraq otağından çölə çıxmayıb.
“Saçlarım yeni çıxırdı, kursa gedirdim və hamı üzümə
baxıb gülürdü. Balaca uşaqlar qaçın oğlan gəldi deyib gülürdülər,
özümü eşitməməzliyə vururdum, amma çox pis olurdum. Evə gələndə mən
parik taxmaq istəyirəm dedim. Valideynlərim razı oldu. Təbii parik
almağa imkanımız çatmadı, süni parik aldıq və mən çox sevindim.
Uzun müddət idi ki, özümü uzun bir saçla təssəvür etməmişdim. Amma
yenə də uşaqlar kukla saçlı gəldi deyirdilər. Hər hansı yerə
getdiyimiz zaman hamı üzümə baxır, mənim haqqımda daşırdılar. Çox
pis oluram. Və nə etsəm də, insanlara yarana bilməyəcəyimi
görürdüm. Hər gün fikirləşirdim, axı niyə gülürlər, mənim başıma nə
gəldiyini, nələr çəkdiyimi bilib-bilmədən niyə gülürlər? Bu sualın
cavabını hələ də bilmirəm. Nə olursa olsun, mən dünyaya başqası nə
deyər deyə gəlməmişəm. Mənim həyatım, mənim qaydalarımı,
imkanlarımı əlimdən aldırmayacağam və təhsilimi davam etdirəcəyəm.
Daha da güclü olacağam”, – Səlma deyir.
Səlma 4 il başqalarının dediklərinə pis olaraq həyatını öz istədiyi
kimi yaşamamışdı. Qərar verdiyi gün həyatının yenidən başlamışdı.
Güclü idi, o, yıxılmayacaqdı, çünki arzuları var idi, ümidləri var
idi.
“Mən həyatımı heç kimə görə puç etməyəcəyəm. Parikimi çıxardacağam,
məni istəyən bu cür qəbul etsin. Mənə heç kimin fikri lazım deyil.
Mənim həyatımdır, istədiyim kimi yaşamaq haqqımdır”,
– Səlma deyir
Dünyada keç kim 5 dəqiqədən sonra başına nə gələcəyini bilmir. Kimə
isə rişxənd edib gülməzdən əvvəl və ya tanımadan, haqqında
danışmazdan əvvəl düşünün ki, bu həyatın qurbanı sən də ola
bilərdin.
Müəllif- Cəsur Hacıyev