2022-ci ildə Marneuli bələdiyyəsinin iki klinikasında ilan vurma
ilə bağlı 3 hal qeydə alınıb.
“Geo Hospitals” klinikasının direktoru Tata Şenqelaia “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, iyun ayında tibb
müəssisəsinə ilan vurma ilə bağlı iki xəstə gətirilib. Onlardan
biri uşaq idi.
“Orta yaşlı qadını bazar ertəsi evə yola saldıq. O,
təxminən, bir həftə bizim klinikada müalicə alırdı.Ötən həftə uşaq
gətidilər. Onun vəziyyəti ağır deyildi, ancaq Tbilisiyə, Uşaq
Klinikasına göndərdik”, – Şenqelaia bildirdi.
Daha bir tibb müəssisəsinə, “Aversi” klinikasına, 2 iyun tarixində
ilan vurma faktı ilə bağlı 9 yaşlı uşaq aparıblar. Tibb
müəssisəsindən bildirdilər ki, azyaşlıya yerində xidmət göstərilib
və o, artıq evə göndərilib.
Marneuli bələdiyyəsinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter
Laperadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Geo
Hospitals” və “Aversi” klinikasında ilan vurma hallarına qarşı
peyvənd həmişə var.
2021-ci ilin göstəricilərinə görə, Marneuli bələdiyyəsində ilan
vurmaqla bağlı 11 fakt qeydə alınıb.