Marneuli bələdiyyəsinin uşaq bağçalarında, müşahidə kameraları
quraşdırıla bilər. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur
Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
kameralar artıq alınıb və valideynlərin istəyi olan halda otaqlara
quraşdırılacaq.
“Təxminən, 15 kamera almışıq. Əgər valideynlər ərizə
ilə bizə müraciət edərsə, otaqlara quraşdırılacaq. Əgər bağçada
hansısa problem yaranarsa, məsələn, dayə tərəfindən uşağa qarşı
qeyri-müvafiq rəftar olarsa, valideyn vəziyyəti aydınlaşdırmaq üçün
bizim yanımıza gələcək. Biz kameraları yalnız işçi qruplarda
quraşdıracağıq”, – Kərəmov dedi.
Uşaq Bağçaları Birliyindən bildirdilər ki, gələcəkdə ola bilsin,
Marneuli meriyası ilə razılıqla bütün uşaq bağçalarında kameralar
quraşdırılsın.