Azərbaycan-Gürcüstan kombinə turları təqdim edilib
Tbilisidə Azərbaycan və Gürcüstan arasında kombinə edilmiş turların təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Turizm Bürosunun “Azerbaijan Travel. Showroom” qonaq mərkəzində baş tutub.

Təqdimatda mədəni və tarixi irs, sağlamlıq və müalicə, qastronomiya, “İpək yolu”, “Əli və Nino”, yəhudi, alman, polşa irsi, dini abidələr kimi tematik marşrutlar, təbiət və əyləncə məhsulları yer alıb.

Tədbirdə Gürcüstanın aparıcı turizm şirkətlərinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Az'rbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə büroya açıqlamasında birgə turların mahiyyəti və gözləntilərdən danışıb. O, deyib ki, postpandemiya dövründə turizm sahəsində ciddi rəqabət olacaq:

“Bütün turizm ölkələri rəqabət qabiliyyətlərini artırmaq üçün yeni məhsullar və marşrutlar formalaşdırırlar. Dünyanın elə regionları var ki, Cənubi Qafqaz ölkələrinə ayrı-ayrı destinasiya kimi baxmırlar. Bir regionda yerləşən destinasiya olaraq Azərbaycan və Gürcüstan arasında birgə turizm paketlərinin tətbiqi ilə bağlı təcrübə var, lakin hələ sistemli xarakter daşımır. Birgə turizm məhsulları ilə müəyyən hədəf ölkə və regionlardan ziyarətçiləri daha sistemli şəkildə cəlb edə biləcəyik. Hər iki ölkənin dövlət qurumları və biznes sektor da bu istiqamətdə daha sıx əlaqəli fəaliyyət göstərəcək”.

K.Quluzadə kombinə edilmiş turların bu il Gürcüstanla birgə təşviq olunacağı, gələn ildən isə test rejimində tətbiq olunacağını və daha sonra intensiv xarakter alacağını bildirib.

Agentlik rəsmisi qeyd edib ki, kənardan Azərbaycanın turizm sahəsində Gürcüstanla rəqabət apardığı görünə bilər, lakin bu, belə deyil: “Azərbaycanın turizm sahəsində Gürcüstanla tərəfdaşlıq münasibətləri var. Bugünkü təqdimat da bu tərəfdaşlığın bir nümunəsi və gələcəkdə əməkdaşlığın daha da möhkəmləndiriləcəyinin göstəricisidir”.

Mənbə: report.az
Print E-mail
FaceBook Twitter Google