Saimerlo əhalisi suvarma kanalının bərpasını dəstəkləyib
Bu gün, 19 fevral tarixində Marneuli bələdiyyəsinin Saimerlo kəndində ümumi kənd toplantısı keçirilib. Meriya nümayəndələrinin “Marneuli” radiosuna bildirdiklərinə görə, ümumi toplantının legitimliyi üçün kifayət sayda səs toplanıb.

Saimerlo kəndində keçirilən ümumi toplantıda Marneuli merinin müavini Roin Dekanoidze və meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze iştirak ediblər.

Mamuka Şubitidze toplantıda iştirak edən əhaliyə bildirib ki, kənddən meriyaya üç təklif göndərilib. Bu təkliflər kənddə Ağmaşenebeli küçəsində suvarma kanalının abadlaşdırılması, qəbiristanlıq ərazisində (bulağın yanında) istirahət məkanının yaradılması və ötən illərdə də “Kəndə dəstək proqramı” çərçivəsində həyata keçirilmiş suvarma kanalının abadlaşdırılması layihəsinin davam etdirilməsi ilə bağlı idi.

Saimerlo əhalisi suvarma kanalının tikilməsi layihəsinin davam etdirilməsini dəstəkləyib. Meriya nümayəndələri bildiriblər ki, kəndə ayrılmış 20 000 lari ilə həmin suvarma kanalının bərpası, güman ki, başa çatdırılacaq.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.

Print E-mail
FaceBook Twitter Google