HƏMAS-ın səhiyyə rəsmilərinin bildirdiyinə, İsrailin cümə axşamı
Qəzza
şəhərində fələstinlilərin humanitar yardım gözlədiyi bir yerdə
həyata keçirdiyi hücumu nəticəsində azı 20 nəfər ölüb, 150 nəfər
yaralanıb.
İsrail ordusu bu xəbəri araşdırdığını bildirib.
İsrail tankları Xan Yunisdəki iki xəstəxananın ətrafındakı
əraziləri bombardman edərək, məcburi köçkün fələstinliləri
təhlükəsiz sığınacaq axtarmaq üçün şəhərdən uzaqlaşmağa məcbur
edib. İsrailin hücumları HƏMAS-ın Aralıq dənizi boyunca dar ərazi
olan Qəzzaya nəzarətini dayandırmaq səylərinin bir hissəsidir.
Qəzza səhiyyə rəsmiləri eləcə də bildiriblər ki, İsrailin bir
yaşayış evinə endirdiyi hava hücumu zamanı iki uşaq da daxil
olmaqla, son sutka ərzində Xan Yunisdə azı 50 fələstinli ölüb.
Sakinlərin dediyinə görə, şəhər hazırda İsrail zirehli qüvvələri
tərəfindən mühasirəyə alınıb və demək olar ki, dayanmadan havadan
və qurudan atəşə tutulur.
Tankların minlərlə fələstinlinin yerləşdiyi BMT-nin təlim mərkəzini
atəşə tutmasının azı 12 nəfərin ölümü ilə nəticələnməsindən sonra
BMT-nin yüksək rütbəli rəsmisi cümə axşamı mülki əhalinin qorunması
üçün "hər cür tədbir" görülməsinə çağırıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin
(UNRWA) Qəzza məsələləri üzrə direktoru Tomas Vaytın bildirdiyinə
görə, hücumun baş verdiyi Qəzzanın cənubundakı Xan Yunis
şəhərindəki vəziyyət "humanitar hüququn fundamental prinsiplərinə
davamlı şəkildə riayət edilmədiyini" göstərir.
"Xan Yunisdəki mülki obyektlərə davamlı hücumlar tamamilə
qəbuledilməzdir və dərhal dayandırılmalıdır. İnsanlar ölür və
yaralanır. Köçkünlərə ev sahibliyi edən xəstəxanalar və
sığınacaqlar ətrafında döyüşlər şiddətləndikcə insanlar içəridə
sıxışıb qalır və bu, xilasetmə əməliyyatlarına mane olur", Vayt
deyib.
Vayt çərşənbə günü həyata keçirilən hücum zamanı azı 75 nəfərin də
yaralandığını bildirib.
İsrail hərbçiləri atəşin onun qüvvələri tərəfindən edildiyinə
inanmadıqlarını, lakin hadisənin araşdırıldığını deyib. İsrail
həmçinin Xan Yunisin böyük ərazisinin HƏMAS militantları üçün
əhəmiyyətli baza olduğunu bildirib.
HƏMAS-a qarşı apardığı müharibədə İsrailin əsas müttəfiqi olan
Birləşmiş Ştatlar dinc sakinlərin ölümünə səbəb olan son hücumu
pisləyib. Dövlət Departamenti "BMT-nin Xan Yunisdəki təlim
mərkəzinə hücuma görə təəssüflənirik" deyib.
"Siz mənim bunu əvvəl də dediyimi eşitmisiniz. [Dövlət katibi
Antoni Blinkenin] də bunu dediyini eşitmisiniz. Mülki şəxslər
qorunmalı, BMT obyektlərinin qorunmasına hörmət edilməlidir. Və
humanitar işçilər qorunmalıdır ki, onlar mülki şəxslərə ehtiyac
duyduqları həyat üçün vacib humanitar yardımı göstərməyə davam edə
bilsinlər", Dövlət Departamentinin sözçüsü Vedant Patel
bildirib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin
(UNRWA) rəhbəri Filip Lazzarini kompleksin BMT obyekti kimi qeyd
edildiyini və koordinasiyaların İsrail hakimiyyəti ilə
paylaşıldığını bildirib.